YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qadınları tariximizə parlaq səhifələr yazıblar

Xətai rayonunda Beynəlxalq Qadınlar Günü qeyd edilib

Martın 7-də Xətai Rayon İcra Hakimiyyətinin və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə əvvəlcə tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Bildirib ki, ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri  çoxəsrlik zəmin üzərində formalaşıb. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar.   Ölkəmizdə  qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının artırılması dövlət siyasətinin əsasını təşkil edir. Əsası  Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan  dövlət-qadın, gender bərabərliyi siyasəti son 20 ildən artıq dövrdə  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının  8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrikində bu mühüm məqam xüsusi qeyd edilir ki, gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları, həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. Onlar bütün taleyüklü sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəkliyi bir daha sübuta yetirmişlər.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan qadınlarına nümunədir. Mehriban xanım   Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, tariximizin, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin bütün dünyada təbliği istiqamətində  gördüyü işlər əsl örnəkdir.  Ümummilli Lider Heydər Əliyev irsinin  təbliği missiyasını yerinə yetirən Heydər Əliyev Fondunun həyata keçirdiyi mühüm layihələr Azərbaycanın ayrı-ayrı sahələrdə davamlı inkişafına böyük töhfədir.

YAP Xətai rayon təşkilatının sədri kiçik dövlət olan ailədə qadının rolundan, Azərbaycan xanımlarının uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində göstərdikləri səylərdən, Vətənə layiq övlad yetişdirmələrindən geniş bəhs edərək diqqəti 44 günlük İkinci Qarabağ müharibəsində canları, qanları ilə Zəfər tarixini yazan  Vətən övladlarının  qəhrəmanlığına, şücaətinə yönəldib. Bildirib ki, onların hər biri yazdıqları qəhəmanlıq dastanı ilə bir daha sübut etdilər ki, torpaq, əgər uğrunda ölən varsa Vətəndir. Belə vətənpərvər, torpağa, Vətənə bağlı övlad yetişdirən anaların qarşısında baş əyirik.

Vüqar Rəhimzadə onu da bildirib ki, qalib Azərbaycan bu gün həyatının yeni dövrünü yaşayır. Hər kəs ərazi bütövlüyü və suverenliyi tam bərpa olunan qalib Azərbaycanın vətəndaşı olduğu üçün qürurludur. Dövlətimizin başçısı İlham Əliyev bayram təbrikində belə bir əminliyi ifadə edir ki, Azərbaycan qadınları gənc nəslin Vətənə, milli ideallarımızın təcəssümü olan dövlətçiliyimizə sədaqət ruhunda yetişməsini bundan sonra da xüsusi diqqətdə saxlayacaq, cəmiyyətin yüksəlişinə ahəngdarlıq qazandıran dolğun sosial-mədəni fəaliyyətləri ilə parlaq gələcəyimiz naminə quruculuq işlərində yaxından iştirak edəcəklər.

Tədbirdə çıxış edən Zenfira Mirzəyeva, Gülsüm Nəsibova, Elmira Hüseynova və başqaları  dövlətin qadınlara diqqət və qayğısından, xanımların cəmiyyət həyatının ayrı-ayrı sahələrində xüsusi fəallığından geniş bəhs ediblər.

Sonda rayon ərazisində yerləşən müəssisə və təşkilatlardan təqaüdə çıxan bir qrup qadına Fəxri fərman və hədiyyələr təqdim olunub.