YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şimal bölgəsinin seçiciləri 429 məntəqədə səs verirlər

Növbədənkənar prezident seçkiləri şimal bölgəsində altı rayonu əhatə edən 7 seçki dairəsi üzrə təşkil olunub.

Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarını əhatə edən yeddi dairə üzrə ümumilikdə 429 məntəqədə səsvermə keçirilir.

Şimal bölgəsi üzrə səsvermə hüququ olan 346 min 381 seçici qeydiyyata alınıb.

Məntəqələrdə seçkilərin gedişini, ümumilikdə, 5 min 840 müşahidəçi izləyir. Bununla yanaşı, 62 məntəqədə veb-kamera quraşdırılıb ki, bu da hər bir şəxsə səsverməni onlayn izləmək imkanı verir.

Şimal bölgəsinin ən yaşlı seçicisi Şabran rayonunun Ağbaş kəndində yaşayan 103 yaşlı Meynas Maqsudovadır. Ümumilikdə, şimal bölgəsində səkkizi qadın, biri kişi olmaqla, yaşı yüzü keçən 9 seçici var.

57 saylı Xaçmaz şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Bəhram Ömərov bildirib ki, seçkilər bütün məntəqələrdə nəzərdə tutulan vaxtda və qaydalara uyğun başlayıb.

“Bizim dairə üzrə 48 məntəqə fəaliyyət göstərir. Bu məntəqələrdə 50 minə yaxın seçici səs vermək hüququna malikdir. Səsvermə başlayandan bütün məntəqələrlə əlaqə yaradılıb. Hər şey qaydasındadır.12 məntəqəmizdə veb-kamera var. İstənilən şəxs seçkinin gedişatını onlayn izləyə bilər. Həmçinin 48 məntəqədə 800-ə yaxın müşahidəçi prosesi izləyir. Səsvermənin ilk dəqiqələrindən seçici aktivliyi müşahidə olunur”, - deyə Bəhram Ömərov söyləyib.

Şimal bölgəsində olan 55 saylı Siyəzən-Quba-Xızı, 56 saylı Şabran-Xaçmaz, 57 saylı Xaçmaz şəhər, 58 saylı Xaçmaz kənd, 59 saylı Quba, 60 saylı Quba-Qusar və 61 saylı Qusar seçki dairələrinin hər biri üzrə yüksək seçici fəallığı müşahidə olunur.