YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şimal-Cənub" beynəlxalq dəmir yolu layihəsi üzrə işçi qrupu yaradılacaq

“Şimal-Cənub" beynəlxalq dəmir yolu layihəsi üzrə işçi qrupu yaradılacaq.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat Katibliyindən bildirilib ki, avqustun 3-4-də iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov da İranda səfərdə olub. Səfər çərçivəsində “Azərbaycan Dəmir Yolları”nın sədri C.Qurbanov İranın yol və şəhərsalma naziri Abbas Əhməd Axundi və nazir müavini, İranın Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayi ilə ikitərəfli görüşlər keçirib, İran Dəmir Yolunun dispetçer mərkəzində hərəkətin idarə edilməsi ilə tanış olub.

Keçirilən görüşlərdə "Şimal-Cənub" dəmir yolu layihəsinin hər iki ölkə üçün əhəmiyyəti vurğulanıb və layihə üzrə işçi qrupun yaradılması qərara alınıb.

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabr 12-də Sankt-Peterburqda bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 2002-ci il mayın 21-dən qüvvəyə minib. 2005-ci ilin sentyabrında Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz “Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında” Sazişə qoşulub.

"Şimal-Cənub" dəmir yolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.