YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bir millət, iki dövlət!

Prezident İlham Əliyev Türkiyədə dəhşətli zəlzələnin ildönümü ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana məktub göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il Türkiyədə baş vermiş dəhşətli zəlzələnin birinci ildönümü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

Dövlətimizin başçısı məktubda bu dəhşətli faciə nəticəsində həlak olmuş on minlərlə insanın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək vurğulayıb: “Bu fəlakət Türkiyəni olduğu kimi Azərbaycanı da dərindən sarsıtdı. Xalqımız həmin ağır günlərdə qardaş Türkiyə xalqı ilə bir ürək olaraq, faciənin ağrı-acısını bölüşdü, sonsuz kədərini birlikdə yaşadı. Zəlzələ xəbərinin ilk dəqiqələrindən heç bir yardım çağırışını gözləmədən Azərbaycan xalqı və dövləti öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi. Baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması işlərinə və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunmuş xilasedicilərimiz, həkimlərimiz və könüllülərimiz türkiyəli həmkarları ilə çiyin-çiyinə böyük cəsarətlə, əzmlə və fədakarlıqla fəaliyyət göstərdi. Dövlət və özəl qurumlarla yanaşı, kiçikdən böyüyə hər bir soydaşımız zəlzələ qurbanlarına dəstək və mənəvi dayaq olmaq üçün əlindən gələni əsirgəmədi”.

Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi, Türkiyə xalqının mübarizə əzmi, həmrəylik ruhu və mətin iradəsi sayəsində qüdrətli Türkiyə dövlətinin bu çətinliklərin də öhdəsindən tez bir zamanda gələcəyinə, bu acı sınaqdan şərəflə və daha da güclənmiş çıxacağına əminliyini bildirib.