YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib Liderə səs verək, uğurlu gələcəyimizi təmin edək!

“2024-cü il 7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkilərinin təşviqat kampaniyası uğurla davam edir. Ölkəmizdə seçkilərin hər bir mərhələsinin demokratik, beynəlxalq standartlara uyğun təşkili üçün bütün zəruri addımlar atılır. Bu günədək Azərbaycanda keçirilən seçki proseslərinə diqqət yetirsək hər birinin demokratik inkişaf tariximizə yeni bir uğur səhifəsini yazdığını böyük əminliklə qeyd edirik. Ölkəmizdə demokratik təsisatların inkişafına, dövrün tələblərinə uyğun təkmilləşdirilməsinə xüsusi diqqət göstərilir. Azərbaycanın demokratiya təcrübəsi nümunə göstərilir. Dövlət başçısı İlham Əliyev bu reallığı daim xüsusi qeyd edir ki, demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafının əsasıdır.

Bu kontekstdən yanaşaraq inamla qeyd edə bilərik ki, 7 fevral növbədənkənar prezident seçkiləri Azərbaycanın demokratik ölkə imicinə yeni əlavələr edəcək. Bu məqamı da xüsusi vurğulamalıyıq ki, nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası zəngin seçki təcrübəsi ilə diqqətdədir. Partiyanın seçkilərə qatıldığı “Qalib xalqın qalib Lideri” şüarı keçilən yolun təhlili fonunda qarşıda dayanan çağırışların ümumiləşdirilmiş ifadəsidir. Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası seçicilərin yüksək fəallığı şəraitində keçir. 20 ildə hər kəsin Prezidenti olduğunu əməli fəaliyyəti ilə təsdiqləyən cənab İlham Əliyevə xalqın sevgisi sonsuzdur. Ərazi bütövlüyü və suverenliyi tam təmin olunan qalib Azərbaycanın vətəndaşı olmaq hər bir azərbaycanlı üçün qürurvericidir. Bizlərə bu qüruru yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Xalqımız 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar prezident seçkilərinin səsvermə mərhələsində daha fəal iştirak edəcək, yeni dövrün çağırışlarının yüksək səviyyədə reallığa çevrilməsini təmin edəcək cənab İlham Əliyevə səs verəcək. Xalqımızın bir seçimi var.” Bu fikirləri YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Nurlan Həsənov qeyd edib.

Nurlan Həsənov vurğulayıb ki, hər bir əminliyə əsas verən görülən işlər və bunların əsasında qazanılan etimaddır: “Azərbaycanın son 20 ildə qazandığı uğurların miqyası ölçüyəgəlməzdir. Ölkəmizin hərtərəfli inkişafını təmin etmək üçün bütün zəruri addımları atan, hər bir sahənin inkişafını təmin edən Dövlət Proqramlarını təsdiqləməklə yanaşı, uğurlu icrasını diqqətdə saxlayan cənab İlham Əliyev bütün çıxışlarında bu hədəfi açıqlayır ki, vətəndaş məmnunluğunun artırılması həyata keçirilən siyasətin əsasıdır. Prezident kimi fəaliyyətə başladığı ilk gündən  səsləndirdiyi “Neft kapitalını insan kapitalına çevirək!” tezisi bu məqsədə xidmət edir. Dövlət başçısı ilk gündən iqtisadiyyatın inkşafını və bunun əsasında sosial müdafiənin gücləndirilməsini prioritet məsələ kimi öndə saxladı. Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkələr sırasında qərarlaşması da həyata keçirilən təkmil sosial-iqtisadi islahatların nəticəsidir. Azərbaycan yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malikdir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ölkəmizin malik olduğu iqtisadi imkanların təqdimatında öz sözünü deyir.”

Millət vəkili bildirib ki, son 20 ilin ən möhtəşəm uğuru müasr tariximizin yeni dövrünün başlanmasını şərtləndirən ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunmasıdır: “Azərbaycan üç il əvvəl tarixi Zəfərə imza atdı. Əlbəttə, hər bir uğur böyük səylərin, qətiyyətin nəticəsidir. Dövlət başçısı İlham Əliyev ölkəmizi bütün sahələrdə gücləndirməklə yanaşı, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın yaradılmasına, tarixi həqiqətlərə, real faktlara söykənən təbliğatımızın nəticəsində diplomatik uğurlarımızın davamlılığına nail oldu. 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Qarabağ Azərbaycandır və nida işarəsi” çağırışını dövlət başçısı İlham Əliyev ondan bir il  öncə 2019-cu il 3 oktyabr tarixində  Rusiya Federasiyasının Soçi şəhərində keçirilən  “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında  Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatına cavab olaraq bildirmişdir. Ermənistan baş naziri bu sərsəm bəyanatı ilə açıq-aşkar Qarabağ münaqişəsinin sülh danışıqları əsasında həllində maraqlı olmadığını təsdiqlədi. İşğalçı dövlətin yeni ərazilər uğrunda müharibə planı 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb oldu. Azərbaycan Ordusu gücünü, qüdrətini nümayiş etdirərək  torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz və tarixi ədalət bərpa edildi.   Bir daha sübut olundu ki, tarixi ədalətə söykənən siyasət Zəfəri qaçılmaz edir.”

Nurlan Həsənov qeyd edib ki, tarixi Zəfərimizdən üç il sonra növbəti Zəfərə imza atdıq: “Suverenliyimiz tam təmin olundu. Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağı dalğalanır. Bu torpaqlarda sürətli bərpa işlərinə başlanıb. Cənab İlham Əliyev bu günlərdə yerli televiziya kanallarına müsahibəsində bu müjdəni verdi ki, 2024-cü ildə  keçmiş məcburi köçkünlər beş şəhərə qayıdacaqlar. Bunlar Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərləridir. Yeni dövr yeni hədəfləri ilə zəngindir. Xalqımız bu hədəflərə qalib Prezidentimizin rəhbərliyi ilə nail olmaq istəyini 7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləməklə təsdiqləyəcək. Seçkilərdə fəallığımızı daha da artıraq, uğurlu gələcəyimizi təmin edək!”