YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib xalqın qalib Liderinə səs verək!

Xətai rayonunda seçicilərlə görüş keçirilib

2024 – cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də  Xətai rayonunda  seçicilərlə görüş keçirilib.

Görüşdə  Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının  sədri Vüqar Rəhimzadə, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin, təşviqat qrupunun üzvləri - akademik Vaqif Abbasov, Vətən müharibəsi şəhidi, mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, şəhid Babək Ramaldanovun atası Meyvəddin Ramaldanov, Vətən müharibəsi qaziləri Xəyyam Fərzəliyev və Vüsal Həsənov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki,  ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyası seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə qatılıb.  Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu son 20 ildə bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin  bu illər ərzində Azərbaycana qazandırdığı möhtəşəm uğurlar göz qabağındadır. Çoxəsrlik tariximizə yazılan uğur səhifələri ölkəmizin malik olduğu imkanların təqdimatında öz sözünü deyir. Bu uğurlar möhkəm təmələ söykənir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan inkişaf, tərəqqi dövrünə qədəm qoydu. Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi əsasında Azərbaycan  yenidən quruldu, qısa zamanda  davamlı uğurları ilə diqqətdə oldu. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl  son 20 ildə qazanılan uğurlara stimul verdi. Azərbaycan bütün sahələrdə davamlı uğurlara imza atdı, zəngin təcrübəsi ilə dünyanın diqqətində oldu.

Çıxış edənlər bildiriblər ki, son 20 ilin uğurlarının zirvəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması dayanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. 30 ilin işğalına son qoyuldu,  27 il kağız üzərində saralan  BMT Təhlükəsizlik Şurasının qətnamələrini Azərbaycan təkbaşına icra etdi. 2023-cü ilin aprelində Laçın sərhəd-keçid məntəqəsinin yaradılması, həmçinin sentyabrın 19-20-də Silahlı Qüvvələrimizin həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu.  Sentyabrın 20-dən sonra Azərbaycanın həyatında yeni dövr başladı. Yeni dövr bu gün yeni hədəfləri ilə diqqətdədir.

Çıxışlarda seçicilərə 7 fevral tarixində keçiriləcək səsvermə prosesində  fəal iştirak etməyə, qalib xalqın qalib Liderinə səs verməyə çağırışlar edilib.

Görüşdə çıxış edən seçicilər yalnız bir seçimlərinin olduğunu bildiriblər. Diqqətə çatdırıblar ki, cənab İlham Əliyevə səs verəcək, onun ətrafında daha sıx birləşərək qalib Azərbaycanın bundan sonra da  möhtəşəm uğurlara imza atmasına dəstək olacaqlar.