YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliyanın aparıcı “beyin mərkəzi” Azərbaycanın üçtərəfli regional xarici siyasətinin önəmini təhlil edir

İtaliyanın nüfuzlu “beyin mərkəzi” olan Beynəlxalq Siyasi Tədqiqatlar İnstitutu “Cənubi Qafqaz regionunda əməkdaşlığın çərçivələri: Azərbaycan, Gürcüstan və Türkiyə - enerji strategiyasının kölgəsində üçtərəfli diplomatiya” adlı hesabat yayıb. Hesabatın müəllifləri Venesiya Universitetinin və institutun elmi işçisi Karlo Frappi və Roma Tre Universitetinin professoru Marko Valigidir.

Hesabatda göstərilir ki, bəzi hallarda Qərbdə bir sıra akademik dairələr və regionla məşğul olan diplomatlar Qafqazı gələcəyi olmayan perspektivsiz bölgə kimi dəyərləndirirlər. Regionda mövcud münaqişələr bölgənin gələcək inkişafı yolunda ən böyük maneə olsa da, göstərilən coğrafiyaya bu cür yanaşma əslində Qərbin onların dəyərlərindən fərqli əsaslarla nizamlanan istənilən siyasi münasibətləri qeyri-səmərəli və dağıdıcı kimi yanlış qiymətləndirmə meyilindən irəli gəlir. Buna baxmayaraq, Azərbaycan, Gürcüstan və Türkiyənin bir-birindən asılı, eyni zamanda, bərabərhüquqlu münasibətləri müasir dövrdə Qafqaz-Xəzər regionunda prosesləri təhlil etmək üçün başlanğıc nöqtəsidir. Əməkdaşlığın əsası enerji sahəsində qoyulsa da, bu sahə üçtərəfli əməkdaşlığın daha da dərinləşməsinə imkan verib.

Müəlliflər hesabatın girişində bölgədə Abxaziya və Cənubi Osetiya kimi münaqişələrin regionun gələcək inkişafı üçün maneə olduğunu qeyd etməklə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin onların içərisində daha geniş miqyaslı olduğunu və Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınmış ərazilərinin işğalının hələ də davam etdiyini göstərirlər.

Bu araşdırma region haqqında dünyanın müxtəlif ölkələrində yazılan, sadəcə siyasi qərarvericilər üçün konkret tövsiyələri nəzərdə tutan və ya bölgədə siyasi prosesləri təsvir edən hesabat deyil. Müəlliflər hesabatda Cənubi Qafqazda çoxşaxəli və mürəkkəb münasibətlər sistemini təhlil edərkən Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın dinamikasına həm də akademik və nəzəri-konseptual prizmadan baxmağa çalışıblar. Teodor Kaplovun üçtərəfli münasibətlərdə ittifaqlar nəzəriyyəsi nöqteyi-nəzərindən baxılması bu hesabatın həm də beynəlxalq münasibətlərin nəzəri əsasları ilə məşğul olan müxtəlif akademik dairələrin uzun müddət diqqətində olacağına təminat verir. Müəlliflərə görə, nəzəriyyənin Azərbaycan, Gürcüstan və Türkiyə arasında münasibətlərin təhlili zamanı tətbiq edilməsinin akademik əhəmiyyəti odur ki, bu ölkələr arasında münasibətləri mürəkkəbləşdirən və regionun təhlükəsizliyini təhdid edən kənar amillərin həmin nəzəri prizmadan dəyərləndirilməsi araşdırmaya marağı artıracaq. Bu baxımdan dünya okeanına çıxışı olmayan, Dağlıq Qarabağ münaqişəsi zamanı ərazisinin bir hissəsi işğal edilmiş Azərbaycanın göstərilən üçtərəfli münasibətlərin əsas təşəbbüskarı və aparıcısı olması diqqətəlayiqdir. Hesabatda enerji layihələri ilə əsası qoyulan üçtərəfli əməkdaşlığın gələcəkdə digər istiqamətlərdə daha da dərinləşəcəyi xüsusi vurğulanıb.