YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboy rayonunda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatı, Goranboy Rayon İcra Hakimiyyəti və Goranboy rayon Mərkəzi Xəstəxana Publik Hüquqi Şəxs Ərazi Partiya təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Tədbirdə Goranboy rayon İcra hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, rayon Mərkəzi Xəstəxanası - Publik Hüquqi Şəxsin direktoru Rauf Yahyayev, rayon tibb işçiləri, partiya fəalları iştirak edib.

İştirakçılar ilk öncə təşkil olunmuş kitab sərgisi ilə tanış olduqdan sonra tədbir akt zalında davam etdirilib. Öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin, akademik-alim Zərifə xanım Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş nitqi ilə açan Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov bildirdi ki, Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya elminə öz dəyərli töhfəsini vermiş, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir. Dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıb. Dövrün zəngin ədəbi mühitində boya-başa çatmış Zərifə xanımın Azərbaycan ziyalısının ən gözəl nümunələrini təcəssüm etdirdiyini, Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirdiyini bildirib. Gənc alim və müəllimlərin, həkim oftalmoloqların yetişməsində, çoxsaylı elmi tədqiqatların, məqalə və monoqrafiyaların hazırlanmasında böyük xidmətləri olduğunu qeyd edib.

Daha sonra YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev çıxış edərək bildirib ki, hər bir xalqın tarixində, elmində mühüm rol oynamış şəxsiyyətlər vardır ki, illər keçdikcə onlar nəinki unudulur, əksinə daha böyük hörmət və ehtiramla yad olunur, həyatı, yaradıcılığı və elmi irsi müasir insanlar tərəfindən diqqətlə araşdırılır və öyrənilir. Belə şəxsiyyətlərdən biri Azərbaycanın tibb elmində və ictimai-siyasi həyatında böyük yeri olan və bu gün anadan olmasının 101-ci il dönümünə toplaşdığımız görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevadır. Zərifə xanım Əliyeva təkcə elmi fəaliyyəti ilə deyil, ictimai-siyasi həyatdakı fəal mövqeyi, eləcə də qayğıkeş insan, layiqli həyat yoldaşı və əsil azərbaycanlı ana kimi də tariximizə düşmüşdür.

Geniş məruzə ilə çıxış edən natiqlər Zərifə xanımın həyat və fəaliyyətindən danışıb. Qeyd edilib ki, Zərifə xanım Əliyeva qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, işini mükəmməl bilən həkim idi. O, Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşı, iki əsrlik münaqişəni və 30 illik savaşı cəmi 44 günə Zəfərlə bitirən, dünya miqyaslı siyasi lider olan, tarixin ən qüdrətli Azərbaycanını yaratmış Müzəffər Ali Baş Komandanı böyütmüş fədakar, qayğıkeş ana idi. Onun ömür yolu elmi fəaliyyəti uğurlarla zəngindir.

Tədbirin sonunda Goranboy rayon səhiyyəsində fərqlənən bir qrup tibb işçisi rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının Fəxri Fərmanları ilə təltif edilib, Yeni Azərbaycan Partiyasının sıraların yeni daxil olanlara üzvülük vəsiqəsi təqdim olunub.