YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Keçmişin utancverici mirasına qarşı...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışı ərəb ölkələri KİV-lərinin diqqət mərkəzində olub.

Misir, Yəmən, Suriya, BƏƏ, Qətər, İordaniya, Küveyt və Əlcəzairin, habelə Pakistanın qəzet və portallarında oxuculara dövlətimizin başçısının çıxışından əsas məqamlar təqdim olunub.

“Algeriamaintenant” qəzetində dərc olunmuş “Azərbaycan Prezidenti Fransanı sərt tənqid edib” sərlövhəli məqalədə qeyd edilib ki, Əlcəzairin xarici işlər naziri Əhməd Attafın da iştirak etdiyi tədbirdə çıxış edən Prezident İlham Əliyev özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransanın hələ də digər ölkələrin daxili işlərinə qarışdığını, təəssüf ki, Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışdığını söyləyib. Yazıda diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət başçısı, həmçinin Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairlini qətlə yetirdiyini, hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümüklərinin müharibə qənimətləri kimi saxlanıldığını bildirib, bunu utancverici və iyrənc hərəkət adlandırıb. O, Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edib. O, eyni zamanda, bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsinin bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlaməti olduğunu vurğulayıb.

Əlcəzairin “EnTV telekanalının saytında, “Eleane” nəşrində, “Əl Hərir”, “dz.54.dz” informasiya portallarında isə “İlham Əliyev Fransa hökumətinə qarşı ağır ittihamlar irəli sürdü” sərlövhəli məqalədə diqqətə çatdırılıb ki, Qoşulmama Hərəkatına uğurla sədrlik edən Azərbaycanın dövlət başçısı neokolonializm siyasətini sərt tənqid edib, xüsusən Fransanın Avropadan kənarda idarə etdiyi ərazilərin fransız müstəmləkə imperiyasının iyrənc qalıqları olduğunu söyləyib. O vurğulayıb ki, Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir. Azərbaycanın dövlət başçısı, həmçinin Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairlini qətlə yetirdiyini, hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümüklərinin müharibə qənimətləri kimi saxlanıldığını bildirib, bunu utancverici və iyrənc hərəkət adlandırıb. Prezident İlham Əliyev Fransada, xüsusilə də mediada və internetdə müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlər, rəsmi şəxslər və parlamentin iki palatasının üzvləri tərəfindən irqi nifrət xarakterli çıxışların getdikcə artdığını, bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsinin bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlaməti olduğunu vurğulayıb. O əlavə edib ki, “bu baxımdan biz BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatını dəstəkləyirik”.

Ərəb ölkələrində geniş oxucu auditoriyasına malik olan İordaniyanın “Nəbd” qəzetində dərc olunmuş “İlham Əliyev Parisi sərt tənqid etdi” sərlövhəli məqalədə diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət başçısı Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında Fransanı neokolonializmdə ittiham edib və bildirib ki, əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Parisin tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edəcək. Yazıda vurğulanıb ki, Prezident İlham Əliyev Azərbaycanın neokolonializm meyillərinin artmasından olduqca narahat olduğunu qeyd edib, dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatının keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməli olduğunu deyib. O əlavə edib ki, neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Bu ölkənin Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır.

Küveytin “q-8.press” informasiya portalında dərc edilmiş “Prezident İlham Əliyev İslamın zorakılıq və terrorla eyniləşdirilməsindən narahatlığını ifadə edib” sərlövhəli məqalədə qeyd edilib ki, Azərbaycanın dövlət başçısı Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında islamofobiya və dini rəmzlərin təhqir olunmasını qətiyyətlə pisləyib. O deyib: “Fikrimizcə, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi bizim gündəliyimizdə öndə duran məsələlər olmalıdır. Biz geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatıq. Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması, təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbulolunmazdır və bu, pislənilməlidir”.

Qətərin rəsmi QNA informasiya agentliyinin saytında Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü haqqında xəbər və Prezident İlham Əliyevin bu mötəbər tədbirdə çıxışından əsas məqamlar təqdim edilib.

Pakistanın nüfuzlu “İslamabadpost” qəzetində isə Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışının ingilis dilində tam mətni dərc edilib.

Prezident İlham Əliyevin çıxışının əsas məqamları Yəmənin “ManbarAden” qəzetində dərc olunmuş “Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə aktual beynəlxalq məsələlərdən bəhs etdi” sərlövhəli materialda da yer alıb.

İordaniyanın rəsmi Petra, BƏƏ-nin WAM informasiya agentlikləri də Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü haqqında materiallar dərc edilib.