YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünyaya mesaj

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

“Türkiyə-Azərbaycan birliyi xalqlarımız üçün, bölgə üçün, Türk dünyası üçün önəmlidir. Əminəm ki, gələcək illərdə bu birlik daha da güclənəcək və bizi yeni uğurlar, yeni qələbələr gözləyir.” Dövlət başçısı İlham Əliyev bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə dövlət səfəri çərçivəsində mətbuata birgə bəyanatlarında səsləndirdiyi bu fikirlər qardaş ölkədə keçirilən prezident seçkilərinin münasibətlərdə yeni mərhələnin başlanğıcı olduğunu təsdiqləyir. Cənab Rəcəb Tayyib Ərdoğanın qələbəsi həm dost Türkiyə, həm də Azərbaycan üçün önəmlidir və gələcək hədəflərə zamanında nail olacağımıza stimuldur.

Hər zaman bu reallığı qeyd etməkdən qürur duyuruq ki, Azərbaycan-Türkiyə  dostluğu, qardaşlığı böyük tarixə söykənir. Bir millətin iki dövləti biri-biri ilə sıx tellərlə bağlıdır. Azərbaycan-Türkiyə dostluğu tarixin sınaqlarından şərəflə çıxan və bu gün dünyaya nümunə olan birlik, həmrəylikdir. Bu fikir də daim böyük qürur hissi ilə qeyd edilir ki, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın ölkələr yoxdur. Bu müttəfiqlik, birlik bütün istiqamətlərdə qurulub və nümunədir. Tarixi Zəfərimizin reallıqları fonunda 2021-ci ilin 15 iyun tarixində imzalanan Şuşa Bəyannaməsi əlaqələrin gələcək inkişafının yol xəritəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq və qardaşlıq münasibətləri ölkələrimizlə yanaşı, bütün türk dünyasının da birliyinə, eləcə də sıx siyasi, iqtisadi əlaqələrin ən yüksək səviyyəyə çatmasına böyük stimul verir. Cənab Rəcəb Tayyib Ərdoğanın Prezident seçiləndən sonra ilk səfərini Azərbaycana etməsi ölkələrimiz arasındakı münasibətlərin dərinliyindən, bizi bir-birimizə bağlayan qardaşlıq tellərinin möhkəmliyindən xəbər verir. Bu, həm də dünyaya mesajdır.

Səfər çərçivəsində Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi, ticarət, enerji, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri və daha da dərinləşdirilməsi məsələləri müzakirə olundu. “Təbii ki, bizim gələcək işbirliyi proqramımız bu gün müzakirə olunan məsələlər arasındadır” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, bütün sahələrdə konkret proqramlar əsasında işlər gedir. Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Xarici siyasətlə əlaqədar apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır. O cümlədən bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.

Görüşlərdə, həmçinin müdafiə və müdafiə sənayesi sahələrində gələcək planlar haqqında fikir mübadisə aparıldı. Cənab İlham Əliyev bu xatırlatmanı etdi ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ordusunun bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcəyini bildirmişdim. Biz bunu indi əyani şəkildə görürük.

Azərbaycan-Türkiyə əlaqələri enerji, nəqliyyat, təhsil və digər sahələrdə də uğurla inkişaf edir. Hazırkı dövrün əsas çağırışının bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması olduğunu nəzərə alsaq Azərbaycanın bu sahədə mövcud imkanları daim diqqətə çatdırılır. Neft və qaz ilə yanaşı, elektrik enerjisi sahəsində də mövcud imkanlar əlaqələrin inkişafında öz sözünü deyəcək. Dövlət başçısı bildirmişdi: “Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Biz bu gün yenilənən, yəni, bərpaolunan enerji növləri üzrə əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Biz bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində fəal əməkdaşlıq edirik.”

Göründüyü kimi, iki qardaş ölkənin hər bir addımı birliyimizin, həmrəyliyimizin möhkəmləndirilməsinə, əlaqələrdə yeni istiqamətlərin müəyyənləşdirilməsinə xidmət edir. Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır, böyük gələcəyi vardır.