YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Qurtuluş Günü xalqımızın tarixinə qızıl hərflərlə yazılıb

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Ölkəmizin taleyində tarixi günlərin rolu böyükdür. 15 İyun-Milli Qurtuluş Günü Azərbaycanın həyatında dönüş nöqtəsidir. 1991-1993-cü illər ərzində dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdır. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı. Ölkənin ehtiyat mənzil fondu AXC hakimiyyətinin ilk aylarında satılıb mənimsənilmişdir. Kriminal düşüncəli adamlar dövlət başına vəzifəyə gətirilirdi, ölkədə mənəviyyatsızlıq hökm sürürdü. Hakimiyyətə gələndən sonra AXC üzvləri dərhal bir-biri ilə mübarizəyə başlamışdılar. Hakimiyyət daxilində qruplaşmalar yarandı və birincilik uğrunda biri birinə qarşı mübarizə aparıldı. Prezident ölkədə real vəziyyətdən, cəbhədəki durumdan bixəbər idi. Ali Baş komandan olduğunu unutmuş bu şəxs nazirlərin fəaliyyətinə nəzarət etməyi lazım bilmirdi. Beləliklə, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi, Şuşanı, Laçını düşmənə təhvil verdi. Hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü. Belə bir çətin məqamda xalq üzünü xilaskarına-Ulu Öndər Heydər Əliyevə tutdu. Dahi şəxsiyyətin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni bir mərhələnin başlanğıcı oldu.

 Azərbaycanın müstəqilliyinin daimiliyini, sarsılmazlığını təmin edən bu tarixi gün Ulu Öndər Heydər Əliyevin dövlətçilik təcrübəsinin zənginliyini, böyük siyasi nüfuzunu, Azərbaycanın gələcəyini düşünən Lider olduğunu nümayiş etdirir. Hər bir ölkənin inkişafında Lider amili əsasdır. Azərbaycanın 1993-cü ildən bugünədək  bütün sahələrdə sürətli inkişafını, üzləşdiyi hər bir çətinlikdən uğurla çıxmasını şərtləndirən əsas amil düşünülmüş və məqsədyönlü siyasət, bu xəttin uğurlu davamıdır. Ümummilli Lider bildirmişdir ki, həyatının mənasını ancaq xalqa sədaqətlə xidmətdə görür. Onun üçün ən böyük mükafat xalqın etimadını doğrultmaq idi. Müstəqil inkişaf tariximiz məhz 15 iyun 1993-cü ildən başlandı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Milli Qurtuluş Günündən başlanan inkişaf yolumuz 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə biri-birindən möhtəşəm uğurlara imza atmağımızı təmin edir. Tarixi Zəfərimiz bu uğurların zirvəsidir. Hazırda azadlığına qovuşmuş torpalarımızda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Ərazi bütövlüyümüzün təmin olunması Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri idi. Qurtuluşdan başlanan yol xalqımıza Zəfər sevincini yaşatdı. Məğrur, yenilməz xalq olduğumuzu dünyaya bir daha bəyan etdik. Qalib ölkənin vətəndaşı olmaq böyük xoşbətlikdir. Azərbaycanın bugününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqaysə etdikdə qurtuluşun ölkəmizə qazandırdığı uğurların miqyasının nə qədər böyük olduğunu görürük. O illərdə müstəqilliyini itirmək təhlükəsini yaşayan Azərbaycan bu gün müstəqil siyasəti ilə  qürur duyur, tarixi törpaqlarına qovuşaraq qalib ölkə kimi tanınır. Qurtuluşdan başlanan yol bundan sonra da Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq.