YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq Sammitdən “Bakı-2015” ilk Avropa Oyunlarına dəstək

Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazanda Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (İKGF), Tatarıstan Respublikası hökuməti və İslam İnkişaf Bankının (İİB) təşkilatçılığı ilə iyunun 13-dən I İslam Əməkdaşlıq Təşkilatı Gənclik İnnovasiya Forumu keçirilir.

Bir həftə davam edəcək, İƏT ölkələrindən 100-dən çox gənc liderin qatıldığı Forum çərçivəsində yay düşərgəsi, İKGF-nin genişləndirilmiş idarə heyətinin iclası və İƏT Gənc İş Adamları Şəbəkəsinin Baş Assambleyası təşkil edilib.

İKGF tərəfindən təşkil olunan İnnovasiya Forumunun Yekun Bəyannaməsi iyunun 15-də işə başlamış nüfuzlu Beynəlxalq Kazan İqtisadi Sammitinin açılış mərasimində tədbirin 400-dən artıq beynəlxalq iştirakçısına təqdim edilib.

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun açdığı, İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əlinin, Rusiya Prezidentinin İƏT üzrə xüsusi nümayəndəsinin, müsəlman ölkələri hökumətlərinin təmsilçilərinin, İKGF sədrinin və digər nüfuzlu qonaqların çıxış etdikləri Beynəlxalq Kazan İslam İqtisadi Sammitinin açılış mərasimində İKGF idarə heyəti tərəfindən təqdim olunan bəyannamədə İslam dünyasında gedən proseslərdən, müsəlman aləminin üzləşdiyi qlobal problemlərdən də bəhs edilib.

Bəyannamənin xüsusi maddəsində Bakıda keçirilən ilk Avropa Oyunlarına da toxunulub. Forum iştirakçıları Azərbaycanın bir müsəlman ölkəsi olaraq birinci Avropa Oyunları kimi məsuliyyətli bir beynəlxalq tədbiri reallaşdırmasını təkcə ölkəmizin deyil, bütün İƏT coğrafiyasının uğuru kimi qiymətləndiriblər.

Bəyannamədə qeyd olunur ki, Oyunların keçirilməsi Avropada sülhə, dialoqa və qarşılıqlı hörmətə böyük töhfə verməkdədir. Lakin son zamanlar Qərbin bəzi dairələri və onların ruporu rolunu ifadə edən media qurumları tərəfindən Avropa Oyunlarının bu özəlliyinin gözardına vurulması, Oyunlara və ev sahibi Azərbaycana qarşı qaralama kampaniyasının aparılması aydın sezilməkdədir. Belə yanaşma təkcə Oyunlara qucaq açan, yüksək qonaqpərvərlik nümayiş etdirən Azərbaycan xalqına qarşı hörmətsizlik deyil, həmçinin bir müsəlman ölkəsinin uğuruna və Oyunlar vasitəsilə sərgilədiyi beynəlxalq nüfuzuna olan qıcıq və bu səbəblə islamofobiyanın təzahürü kimi qiymətləndirilməlidir. Kazan Sammitinə bununla bağlı təqdim edilən sənəddə İKGF-yə üzv qurumlar və Kazan Forumuna qatılan gənclər təşkilatları tərəfindən Avropa Oyunlarının ev sahibi Azərbaycana dəstək olaraq sosial mediada kampaniyanın keçirilməsi təklif edilib.

Qeyd edək ki, İƏT Gənclik İnnovasiya Forumu çərçivəsində iştirakçılar “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatını da keçiriblər.