YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətəndaş məmnunluğu dövlət siyasətinin əsasını təşkil edir

“Ölkəmiz iqtisadi və siyasi baxımdan, son illər böyük uğurlara nail olub. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində bu illərdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, milli valyutanın sabitliyi və bank sisteminin etibarlılığı artırılmışdır. Məhz, buna görə də hazırda yerlərdə infrastruktur təminatının yaxşılaşdırılması, sosial obyektlərin inşasının sürətləndirilməsi ilə əlaqədar nəzərdə tutulan layihələr uğurla reallaşdırılır. Bölgələrin ümumi inkişafı sosial xarakter daşımaqla yanaşı, həm də, ölkəmizi gücləndirir. 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Hazırda 4-cü proqram icra edilir. Regional inkişaf dövlət proqramlarının həyata keçirilməsi bölgələrdə böyük dönüş yaratmış, regionların sosial-iqtisadi mənzərəsini tamamilə dəyişmişdir.” Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov söyləyib.

K.Bayramov qeyd edib ki, dövlət başçısı İlham Əliyevin regionlara hər bir səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bu baxımdan dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın aprelin 18-də Neftçala və Salyan rayonlarına səfəri, Regional inkişaf proqramlarının uğurlu icrasının təqdimatı oldu. Səfər zamanı Neftçala Olimpiya İdman Kompleksinin, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra, Heydər Əliyev Fondu tərəfindən Neftçala rayonunda inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin, “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin, Salyanda  “ASAN xidmət” mərkəzinin açılışında iştrak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Neftçalanın Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında, Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış oldular. Hər bir səfər vətəndaş məmnunluğunun artırılmasının dövlət siyasətinin əsasını təşkil etdiyini bir daha nümayiş etdirir.

Deputat diqqətə çatdırıb ki, 30 illik işğaldan sonra sahibinə qovuşan torpaqlarımız cənnət məkana çevrilir. Dövlət başçımız Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində işğaldan azad edilmiş torpaqlarımızda öz daxili imkanlarımız hesabına görülən işlərdən geniş bəhs edərək, iqtisadi gücümüzü əsaslı şəkildə diqqətə çatdırdı. Bildirdi ki, Ağalı və Talış kəndlərində keçmiş köçkünlər yaşayır. Hər iki kəndin timsalında gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük. Ermənilərin 30 illik işğal dövründə törətdikləri dağıntıları hazırda quruculuq işləri əvəzləyir. Böyük Qayıdış proqramı uğurla icra edilir. Cari ilin sonunadək laçınlıların Laçına qayıdışı nəzərdə tutulub.  Zabux və Sus kəndlərinə də ilin sonuna qədər keçmiş köçkünlər qayıdacaq.

K.Bayramov əlavə edib ki, Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırıb. Bildirib ki, Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər, ya, Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun: “Biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın.”

Deputat xüsusi vurğulayıb ki, dövlətimizin başçısı bir neçə gün əvvəl Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın Dövlət Bayrağı yandırılması ilə bağlı məsələyə də münasibət bildirib. Qeyd edib ki, bu Ermənistan hökumətinin növbəti çirkin əməlidir. Bunu deməyə əsas verən bir çox səbəblər var. Birincisi, bu hadisəni törədən insanabənzər məxluq Ermənistan hakim dairələrinin yüksəksəviyyəli şəxsləri ilə birbaşa təmasdadır. İkincisi, bu məxluqa heç bir cəza verilmədi, əksinə, Ermənistanda onu qəhrəmanlaşdırırlar. Bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır. Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və neçə-neçə kənddə, yüzlərlə kənddə Azərbaycan Bayrağı dalğalanır. Bu gün Azərbaycan Bayrağı Zəngəzur dağlarında dalğalanır. Ermənilər bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər.