YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi xidmətlərdən biri

“Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” Ulu öndər Heydər Əliyevin bu kəlamı bizim hər birimiz üçün mühüm əhəmiyyət kəsb edən bir cümlədir. Azərbaycan dilinin formalaşması, dövlət dili statusu alması istiqamətində Heydər Əliyevin attığı addımlar bu gün dilimizin yüksək səviyyədə inkişafına, böyük söz ehtiyatına malik olmasına imkan yaradıb. Çünki Sovet imperiyası dövründə milli dil, milli mənsubiyyət, ümumiyyətlə, milli məsələlər sıxışdırılırdı. Elə o vaxt da Ulu öndərin cəsarətli addımları Azərbaycan dilinin tarixin bir küncünə atılmasının qarşısını almışdı”. Bunu açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Vüqar İskəndərov qeyd eib ki, SSRİ dövründə əsasən də 70-ci illərdə milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdi: “Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Tarixdən də xatırladığımız kimi 30-ci illərdə dil məsələsini qabardanların demək olar əksəriyyəti Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. O bu addımları ilə bir daha sübut edirdi ki, Azərbaycanın gələcəyi onun üçün hər şeydən əhəmiyyətlidir. Bu tarixi missiyanı öz üzərinə götürməklə bütün çətinliklərə sinə gərməyə hazır olduğunu göstərirdi. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndərin təklifi ilə Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dili olmuşdur.  Ulu Öndər bununla da gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdu. Əlbəttə Ümummilli lider bununla da kifayətlənməmişdi. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Heydər Əliyev ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər edirdi. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ verir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Vaxtilə atılan bu addımların nəticəsi isə müstəqillik illərində daha böyük önəm kəsb etdi. Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bu gün də biz görürük ki, həmin vaxt verilən qərar çox düzgün və gələcəyə hesablanmış addım idi. Bu gün də gənc nəsil dilimizin müstəqilliyi, inkişafı, formalaşması uğrunda aparılan mübarizədən xəbərdar olmalı və onu yaşatmaq üçün daim mübarizə aparmalıdır. Çünki öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz. Hər bir azərbaycanlı fəxr etməlidir ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var.”