YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizdə milli və dini dəyərlərə yüksək ehtiram göstərilir

Deputat Ağalar Vəliyev Ramazan Bayramı  münasibətilə şəhid və qazi ailələrinə maliyyə yardımının göstərilməsini və onlara bayram sovqatlarının çatdırılmasını təşkil edib

Milli Məclisin deputatı Ağalar Vəliyev 97 saylı Goranboy - Ağdam - Tərtər Seçki Dairəsinin seçicilərinə Ramazan Bayramı  münasibətilə təbrik ünvanlayıb. Seçicilərinə səmimi diləklərini və xoş arzularını yetirən millət vəkilinin təbrikində deyilir  ki, ölkəmizdə vicdan və etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənəyə və beynəlxalq hüquq normalarına uyğun təmin edilməsi, milli dəyərlərimizin təbliği və təşviqi dövlətimizin siyasətinin əsas prioritetlərindəndir.

Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra xalqımızın milli adətləri və dini ənənələri tezliklə bərpa edildi və dini bayramlarımız dövlət səviyyəsində qeyd olunmağa başladı. Bu gün Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir, mənəvi və dini dəyərlərimizə böyük ehtiram və sayğı ilə yanaşılır.

Artıq üçüncü ildir ki, xalqımız Ramazan Bayramını  Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyilə  Vətən Müharibəsində əldə etdiyimiz böyük zəfərdən irəli gələn qalibiyyət ovqatı və işğaldan olunmuş torpaqlarımızda əzmlə aparılan bərpa və  quruculuq işlərindən doğan qürur hissi ilə qeyd edir.

Müqəddəs Qurani-Kərimin nazil olduğu və on bir ayın sultanı sayılan mübarək Ramazan ayı Ulu Tanrının mərhəmət və lütfünün ən yüksək dərəcədə təzahür etdiyi saflıq, xeyirxahlıq və ruzi-bərəkət ayıdır. Ən ülvi hissləri və nəcib niyyətləri özündə təcəssüm etdirən, xalqımızın mənəvi zənginliyini və birliyini daha da gücləndirən mübarək Ramazan günlərində ölkəmizin firavanlığı və tərəqqisi naminə dualar oxunur, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının ölməz xatirəsi dərin ehtiramla yad edilir və igid  qazilərimizə  şəfalar dilənir. Qədirbilən xalqımız şəhidlərimizin müqəddəs adını həmişə uca tutur, şəhid ailələrinə və müharibə əlillərinə diqqətini və qayğısını heç vaxt əsirgəmir.

Ramazan bayramı ərəfəsində Ağalar Vəliyev, rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev və içtimaiyyətin nümayəndələri  Goranboy şəhərində Şəhidlər  Xatirə Kompleksini ziyarət ediblər və Kompleksin önünə tər güllər qoyublar.

Deputatın ofisindən daxil olan məlumata əsasən Ağalar Vəliyevin təşəbbüsü və dəstəyilə 97 saylı Seçki Dairəsinə daxil olan Goranboy, Ağdam və Tərtər rayonları üzrə 411 şəhid ailəsinə və Qarabağ əlillinə Ramazan bayramı ərəfəsində maddi yardım göstərilib, bayram münasibətilə həmin rayonların 40-dan çox yaşayış məntəqəsində 1 015 şəhid, qazi, əlil və aztəminatlı ailəsinə təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb və Goranboy rayonunda təxminən 600 nəfərin iştirakı ilə böyük iftar mərasimi təşkil olunub.

Şəhid ailələri, qazilər və sakinlər onlara göstərilən yüksək diqqətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.