YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndərin irsi ölkəmizin bugünkü davamlı inkişafının təminatıdır

Aprelin 19-da SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin institutdakı abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər. Eyni zamanda, Dövlət Himni səsləndirilib, Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə nəzər salıb. Bildirib ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə bilik və bacarığını ölkəmizin inkişafına həsr edib. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə bütün sahələrdə aparılan islahatlar, yaradılan böyük aqrar-sənaye, energetika və neft-kimya sənayesi potensialı ölkəmizin gələcək müstəqilliyi üçün fundamental əsaslar yaradıb. Bu baxımdan məhz 1969-cu ildən başlayan inkişaf dövrü ölkəmizin gələcək tərəqqisinin əsasını təşkil edib.

Çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, YAP Təftiş Komissiyasının üzvü Sadiq Qurbanov bildirib ki, ulu öndər Heydər Əliyev adət-ənənələri, milli məfkurəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə əks edən azərbaycançılıq ideologiyasının müəllifidir.

S.Qurbanov qeyd edib ki, ulu öndər Heydər Əliyevin irsi ölkəmizin bugünkü davamlı inkişafının təminatıdır. Ötən 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir nailiyyət, Azərbaycanın keçdiyi dinamik inkişaf yolu, qlobal miqyasda söz sahibinə çevrilməsi bir daha Ulu Öndərin necə müdrik və uzaqgörən şəxsiyyət olduğunu aydın şəkildə təsdiq edir.

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi dövründə qazanılan uğurlardan bəhs edib.

B. Nəbiyev qeyd edib ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.

Çıxış edən YAP Xətai rayon təşkilatının sədri , “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, hələ keçmiş Sovet İttifaqı dövründə ölkəmizə rəhbərlik edən Ümummilli Lider Heydər Əliyev ölkəmizin bugünkü kadr potensialının formalaşmasında müstəsna xidmətlər göstərib. Son iki ildən artıq müddətdə Azərbaycanın Zəfər tarixini yaşadığını vurğulayan V. Rəhimzadə xatırladıb ki,  bu şanlı Qələbəni reallaşdıran hərbi kadrların əksəriyyəti hələ 1971-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü  ilə yaradılmış Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarıdır.

V. Rəhimzadə, həmçinin Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdən bəhs edib. Bildirib ki, 1994-cü ildə dahi rəhbərin uzaqgörən siyasəti nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması sonrakı illərdə ölkəmizin  ictimai-siyasi və iqtisadi həyatında böyük rol oynayıb. Dövlət müstəqilliyinin ilk illərində dünyanın nəhəng transmilli neft şirkətlərini ölkəmizə gətirmək və taleyüklü bir Sazişin imzalanmasına nail olmaq böyük qətiyyət, inam və cəsarətin nümunəsidir. Bu müqavilə imzalanmasaydı  bugünkü uğurlarımızdan danışmaq çətin olardı.  

“Neftqazelmitədqiqatlayihə” İnstitutunun əməkdaşı Xıdır İbrahimov bildirib ki, dövlət üçün müstəqillidən, vətəndaş üçün azadlıqdan üstün heç bir amil yoxdur. Tarixin müxtəlif mərhələlərində bu müstəqilliyi və azadlığı əldə edib möhkəmləndirmək üçün dahi şəxsiyyətlərə ehtiyac yaranır. Ulu Öndər Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir.   

Tədbirdə, eyni zamanda, Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Sonda “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov və institutun bir neçə əməkdaşı YAP Yasamal rayon təşkilatının Fəxri fərmanları ilə təltif edilib.