YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev uşaqların gözü ilə

Aprelin 19-da Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və 194 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində  “Heydər Əliyev uşaqların gözü ilə” mövzusunda tədbir keçirildi.

194 saylı tam orta məktəbin akt zalında keçirilən tədbirdə Dövlət Himni səsləndirildi, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda  şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən 194 saylı tam orta məktəbin direktoru Elnarə Zeynalova bildirdi ki, Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyası o qədər genişdir ki, bu barədə günlərlə, aylarla danışmaq olar. Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin hər bir istiqaməti geniş tədqiqat mövzusudur. Təhsili millətin gələcəyi kimi dəyərləndirən Ümummilli Lider hakimiyyətinin hər iki dövründə gənclərimizin təhsilinə, elmin sirlərinə dərindən yiyələnmələrinə xüsusi diqqət göstərmiş və bu qayğısını davamlı addımları ilə təsdiqləmişdir. Bu gün Azərbaycan dünyada  innovasiyalar ölkəsi kimi tanınır və nüfuz qazanır. Təbii ki, bu uğurun əsasında  dahi şəxsiyyət Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti və son 20 ilə yaxın dövrdə  bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxışında Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından geniş bəhs etdi. Bildirdi ki, bu gün hər bir Azərbaycan gənci  müstəqillik yolumuzun heç də hamar olmaması barədə aydın təsəvvürə malik olmalıdır. Bugünkü inkişaf üçün kimə borclu olduğumuzu bilməli, onlara əmanət olan Heydər Əliyev irsini  qorumalı və geniş təbliğ etməlidirlər. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün  Azərbaycan adlı dövlətdən danışmaq qeyri-mümkün idi. Dahi şəxsiyyətin zəngin dövlətçilik təcrübəsinin, ən əsası torpaq, Vətən sevgisini özündə əks etdirən düşünülmüş siyasətinin nəticəsində Azərbaycan  dövlət müstəqilliyini əbədi və sarsılmaz etdi. Bu gun hər bir Azərbaycən gənci  belə müasir müstəqil, qalib  ölkənin  vətəndaşı olduğu üçün qürurludur.

Çıxış edən Milli Məclisin deputatı Ziyad Səmədzadə  Ulu Öndər Heydər Əliyevin  dayanıqlı  iqtisadi inkişafa nail olmaq üçün irəli sürdüyü təşəbbüslərdən, reallaşdırdığı addımlardan geniş söhbət açdı. Ümummilli Liderin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Bu gün qalib Azərbaycan Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır.

Milli Məclisin deputatı Arzu Nağıyev sabitliyin hər bir inkişafın əsasında dayanan amil olduğunu önə çəkərək Ulu Öndər Heydər Əliyevin gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycanın qısa müddətdə sabitlik diyarına çevrildiyini xüsusi qeyd etdi. Bu gün Azərbaycanın demokratiya təcrübəsi dünyaya nümunədir.

“Ümummilli Lider Heydər Əliyevin xalqa, dövlətə bağlılığı fəaliyyətinin bütün dövrlərində özünün aydın ifadəsini tapır” söyləyən Milli  Məclisin deputatı Aydın Mirzəzadə dahi şəxsiyyətin Vətən sevgisindən bəhs etdi. Bildirdi ki, Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” müdrik kəlamı harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının həyat amalına çevrildi.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov hər bir uğurumuzun Heydər Əliyev siyasətinin təntənəsi olduğunu  diqqətə çatdırdı. Bildirdi ki, Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciəti Azərbaycanın davamlı uğurlarının əsası oldu. Ölkəmizin 20 ilə yaxın dövrdə qazandığı nailiyyətlər göz qabağındadır.  Artıq iki ildən çoxdur  ki, tarixi Zəfərimizlə qürur duyur, onun yaratdığı reallıqları yaşayırıq.

Çıxışlarda ümumi fikir bu oldu ki, torpağını, xalqını, Vətənini canından artıq sevən, daim ölkəmizin ən yüksək zirvələri fəth etməsini, ərazi bütövlüyünün təmin olunmasını arzulayan Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Azad Qarabağda və azad Şərqi Zəngəzurda Azərbaycanın üçrəngli bayrağı dalğalanır.

Tədbirdə uşaqların dili ilə dahi şəxsiyyət Heydər Əliyevin tezisləri,  dünya liderlərinin Ümummilli Lider haqqında söylədiyi fikirlər səsləndi. Ulu Öndər, azad Qarabağ və Vətənlə bağlı şeirlər söylənildi. Tədbir  “Sən elə  bir zirvəsən...” mahnısının sədaları altında yekunlaşdı.