YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh və quruculuq səyləri

“Prezident İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində bir çox məsələlərə toxundu, müəyyən dairələrə mühüm mesajlar verdi. Dövlətimizin başçısı ötən dövrdə baş verən prosesləri təhlil etməklə yanaşı qarşıda dayanan hədəfləri də göstərdi. Əsas hədəflər sırasında regionda sülhün təmin olunması, işğaldan azad edilmiş ərazilərimizin bərpası da xüsusi yer tutur”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Prezident müsahibəsində Ermənistanın razılaşmalara əməl etmədiyini, qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini xatırladıb. Sülh danışıqlarına gəlincə, dövlətimizin başçısı “Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və məhz Azərbaycan məlum beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir. Biz bəri başdan bəyan etmişdik ki, məhz bu prinsiplər üzərində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və digər prinsiplər əsasında danışıqlar mümkündür və sülh müqaviləsi imzalana bilər” deyib. 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır.

Eyni zamanda, Qarabağ ətrafında spekulyasiya etmək istəyən dairələrin nəzərinə çatdırıldı ki, Qarabağ tarixi torpağımızdır, bu ərazidə yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Əgər kimsə bununla razılaşmırsa, yol açıqdır, istədikləri yerə gedə bilərlər. Prezidentin dediyi kimi, əslində Qarabağın dinc erməni əhalisinin böyük əksəriyyəti Azərbaycanın tərkibində yaşamağa razıdırlar. Amma onlar separatçıların girovuna çevrilib. Əgər belə davam edərlərsə, separatçılar dəmir yumruğun gücünü yenə də hiss edəcəklər.  

S.Fətəliyevanın sözlərinə görə, dövlət başçısı müsahibəsində Böyük Qayıdışla bağlı da görülən işlərlə bağlı fikirlərini səsləndirdi.  Hazırda ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri ötən il 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin etməkdən ibarətdir. Respublikamız müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, azad olunmuş ərazilərdə bərpa və zəruri infrastrukturun yaradılması tədbirlərinə başlayıb. Bu yöndə xeyli işlər görülüb. Böyük Qayıdışın ilk müjdəsi olan Ağalı kəndinə və Talış kəndinə əhali köçürülüb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər görülür. Dövlətimizin başçısı mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə gəlir və burada görülən işlərlə yerindəcə tanış olur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində reallaşdırılacaq layihələrin əhatə dairəsi kifayət qədər genişdir. Hazırda bu ərazilərdə yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. Ərazilərin bərpası, quruculuq işləri ən müasir texnologiyalar əsasında həyata keçirilir. Çox sevindirici haldır ki, Laçın şəhərində də geniş quruculuq-bərpa işləri gedir və bu il Laçın şəhəri ilə yanaşı, Zabux və Sus kəndlərinə də keçmiş köçkünlər qayıdacaq. Prezidentin dediyi kimi, bu ilin yay aylarında 700-dən çox ailə Laçın şəhərinə köçürüləcək. İlin sonuna qədər isə adını çəkdiyimiz kəndlərə qayıdış baş tutacaq. Bütövlükdə, görülən işlər ən müasir standartlara uyğundur. Əminliklə demək olar ki, Qarabağ və Şərqi Zəngəzur tezliklə cənnətə çevriləcək.