YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Avropa Oyunları məşəlinin Bakı estafeti başa çatıb

Birinci Avropa Oyunları məşəlinin Bakı estafeti iyunun 11-də başa çatıb.

Məşəl paytaxt estafetinin beşinci günündə “Bakı-2015” Əməliyyat Komitəsinin (BEGOC) baş ofisinə gətirilib. Məşəli BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq daşıyıb.

S.Kleq təəssüratlarını bölüşərək deyib: “Məşəlin bizim üçün çox böyük əhəmiyyəti var. Çünki məşəl məhz bizim son dövrlərdə gördüyümüz nəhəng işlərin göstəricisidir. Hər bizimizin əməyini, hisslərini və bütün xalqın coşqusunu bu məşəl vasitəsilə əks etdirməkdən məmnunuq”.

Sonra məşəl BEGOC-un baş ofisindən birinci Avropa Oyunlarının Atletlər Kəndinə aparılıb.

Burada məşəli Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə daşıyıb.

Məşəl səyahətinin sonuncu ünvanı Dənizkənarı Milli Park olub.

Alov Bakı estafeti müddətində saxlanıldığı məkandan – Qız qalasından götürülərək sonuncu dayanacağına yollanıb. Dənizkənarı Milli Parkda məşəli UNICEF-in milli səfiri, ABŞ Milli Basketbol Assosiasiyasının oyunçusu Xose Manuel Kalderondan qəbul edən “Eurovision-2013” mahnı müsabiqəsindəki təmsilçimiz Fərid Məmmədov onu “Sadko” limanına gətirib. Limanda F.Məmmədov məşəli alov qoruyana təhvil verib. Məşəl iyunun 12-də keçiriləcək açılış mərasiminə aparılması üçün Bakı Olimpiya Stadionuna yola salınıb. Yolasalma mərasimində möhtəşəm atəşfəşanlıq olub.

Tədbirdə iştirak edən birinci Avropa Oyunlarının rəmzləri – Ceyran və Nar mərasimə əsl bayram əhval-ruhiyyəsi qatıblar. Paytaxt sakinləri və qonaqlar Ceyran və Nar ilə xatirə şəkilləri çəkdiriblər.

“Bakı-2015”-in ulduz elçisi, məşəlçilərdən biri olan Murad Dadaşov deyib: “Bu mühüm yarış ilk növbədə, birlik və mənəvi zənginlik bayramıdır. Hesab edirəm ki, “Bakı-2015” bizi bir-birimizə daha da sıx bağladı. Ölkəmizdə keçiriləcək ilk Avropa Oyunları ən yüksək səviyyədə təşkil ediləcək və Avropanın, eləcə də dünyanın idman tarixinə özünəməxsus iz qoyacaq. Bu idman bayramı zamanı qədim tariximizi, zəngin mədəniyyətimizi dünyaya nümayiş etdirmək olduqca mühüm əhəmiyyət daşıyır. Ölkəmizdə qısa müddət ərzində genişmiqyaslı tədbir keçirilir. Bu, o deməkdir ki, Azərbaycan yüksək səviyyədə təşkilatçılıq göstərib”.