YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük uzaqgörənliklə deyilmiş fikirlər reallığa çevrilib

“Hər bir dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu mühüm yer tutur. Bu gün müstəqil Azərbaycan iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Artıq Azərbaycanın çox güclü ordusu var və hər bir vətəndaş ordumuzla qürur duyur. Qazanılan hərbi nailiyyətlərin əsasında ötən dövr ərzində ordu quruculuğu sahəsində görülən işlər dayanır. Müstəqil Azərbaycanda peşəkar ordu quruculuğunun əsası isə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, bütün həyatını xalqına, onun xoşbəxt gələcəyinin qurulmasına həsr edən Ümummilli Liderimiz Azərbaycanın müasir qüdrətli ordusu üçün də böyük işlər gördü, ordu quruculuğuna, ölkənin hərbi kadr potensialının gücləndirilməsinə diqqət yetirdi. Hələ sovetlər dönəmində respublika rəhbərliyinə gəldiyi ilk gündən Heydər Əliyev dövlət siyasətinin digər sahələri kimi, gənclərin vətənpərvərlik tərbiyəsini də önə çəkib. Məhz müdrik siyasətçi Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Bu gün ordumuzun zabit heyətinin, demək olar ki, əsasını məhz həmin məktəbin məzunları təşkil edir. Ulu Öndər orduda vətənpərlik hissinin yüksək olmasının vacibliyini hər zaman vurğulayıb: “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər”.

Millət vəkilinin sözlərinə görə, Ulu Öndərin dahiyanə idarəçiliyi, güclü strateji bacarığı sayəsində ordu quruculuğunda qısa vaxtda böyük işlər görüldü. Müstəqillik illərində Silahlı Qüvvələrimiz dünya standartlarına uyğun olaraq vahid komandanlıqdan idarə olunan mütəşəkkil hərbi struktura çevrildi. 1994-cü ildən etibarən ordumuz NATO ilə fəal əməkdaşlığa başladı.  Ordunun maddi təminatı və təchizatı xeyli gücləndirildi. Təkcə Azərbaycanın deyil, xarici ölkələrin hərbi məktəblərində də Silahlı Qüvvələrimiz üçün yüzlərlə təcrübəli mütəxəssis hazırlandı. Bu gün Azərbaycan Ordusunda xidmət edən zabitlərimizin əksəriyyəti məhz ulu öndər Heydər Əliyevin qayğısı sayəsində Türkiyənin, Rusiyanın, Ukraynanın və digər ölkələrin hərbi təhsil müəssisələrində oxuyaraq yüksək bilik və bacarıqlara yiyələniblər. Ümummilli Lider 1998-ci il 13 mart tarixində C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının açılması haqqında sərəncam imzaladı. Bu gün həmin təhsil müəssisəsi Heydər Əliyev adına Hərbi Lisey kimi fəaliyyətini davam etdirir.

Dahi rəhbərin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün, yəni 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi.

Beləliklə, 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra Azərbaycan Respublikasının nizami ordusu yaradıldı və bu ordu qarşısında dayanan bütün vəzifələri yerinə yetirməyə hazır oldu. Şübhəsiz, ən mühüm vəzifə isə torpaqlarımızın erməni işğalından azad edilməsi idi. Ulu öndər Heydər Əliyev bu haqda bəyan etmişdi: “Biz ordumuzu gücləndirərək, döyüş qabiliyyətini yüksəldərək, müasir silahlardan istifadə olunmasının keyfiyyətini artıraraq, dövlətimizi yüksəldəcəyik və ən əsası, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi gününü yaxınlaşdıracağıq və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini mütləq təmin edəcəyik”. Böyük uzaqgörənliklə deyilmiş bu fikirlər artıq reallığa çevrilib.   2003-cü ildən etibarən Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər davam etdirildi. Bu sahədə həyata keçirilən davamlı islahatlar və məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verib. Bunun qanunauyğun nəticəsi kimi, Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Yəni ölkəmiz güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir.

2020-ci ilin 27 sentyabrından 10 noyabra qədər davam edən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı, 30 illik erməni işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə, ilk növbədə, müzəffər Ali Baş Komandan, Prezident  İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında  misilsiz qəhrəmanlığı ilə qazanıldı. Bu şanli Zəfər həm də ulu öndər Heydər Əliyevin müəllifi olduğu ordu quruculuğu siyasətinin təntənəsi idi!