YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük potensial var...

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsini qəbul edərkən ölkə başçısı bildirdi ki, Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir və rayonun çox böyük potensialı var. Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək.

Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmiş, ətraf mühitə böyük ziyan vurulmuşdur. Ölkəmizə məxsus meşə fondunun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilmiş, kəsilmiş, talanaraq satılmışdır. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur.

İşğal dövründə ermənilər Laçında həmçinin qanunsuz məskunlaşma siyasəti də aparmışlar. Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilmiş və orada yerləşdirilmişlər. Bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

Qəbul zamanı Prezident İlham Əliyev onu da xatırlatdı ki, Laçının işğalı AXC-Müsavat xəyanətkar cütlüyünün çirkin xəyanətinin nəticəsidir. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdur. Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etmişdir və bu, daha böyük faciələrə yol açdı. Ondan bir il keçməmiş - 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradılmışdır. Sözügedən amil Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas şərti olmuşdur.

İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və Azərbaycan Ordusu Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdi. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edildi. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Laçın rayonunun digər hissəsi - ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir.

Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsini qəbul edərkən ölkə başçısı bəzi dairələrin Azərbaycana qarşı sərgilədikləri qərəzli möveyə də münasibət bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki,  Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamə yenə də ermənipərəst, rüşvətxor və anti-Azərbaycan qruplaşmanın məhsuludur və burada aparıcı rolu Fransa deputatları oynayır. Beynəlxalq vasitəçilər - ATƏT-in ovaxtkı Minsk qrupu danışıqların aparılması ilə faktiki olaraq bu işğalı möhkəmləndirməyə çalışırdılar. Odur ki,  Fransanın Azərbaycana bu ədalətsiz və mənfi münasibəti təsadüfi deyil. Sadəcə olaraq, işğal dövründə bunu müəyyən dərəcədə pərdələmək istəyirdilər.Ölkə başçısı qətiyyətlə bəyan etdi ki, Azərbaycanla ultimatum dili ilə danışmaq mümkünsüzdür. Azərbaycan bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etdi, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etdi.

Prezident İlham Əliyev qeyd etdi ki, bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması əsas vəzifələrdən biridir. Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri başa çatmaq üzrədir. Heç vaxt tarixdə olmayan yollar salınıb, Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar salınıbdır. Artıq ordumuz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olub. Bu mövqelərdə gücləndirmə işləri aparılır və ordumuz bu mövqelərdə qalacaq. Laçın rayonunun təhlükəsizliyi ilə bağlı atılan başqa addımlar, görülən tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar.

İkinci Qarabağ müharibəsi başa çatanda Laçın Azərbaycanın nəzarətinə keçsə də, Laçın şəhəri ölkəmizin nəzarətindən kənarda idi. Səbəb o idi ki, Ermənistandan Qarabağa gedən yol Laçın şəhərinin ortasından keçirdi. Prezident İlham Əliyevin uğurlu siyasi diplomatiyası nəticəsində Laçın şəhəri də Azərbaycanın nəzarətinə keçdi.

Hazırda Laçın rayonunda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Rayonunda beynəlxalq hava limanı inşa edilir. Məlum olduğu kimi bu  bölgədə heç vaxt hava limanı olmamışdır. Beynəlxalq hava limanını inşa etmək üçün dağlar kəsilir, böyük torpaq işləri həyata keçirilir. Həmçinin  Kəlbəcər-Laçın yolu yenidən qurulur və bir çox tunellər inşa edilir. Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq. Beləliklə, Göygöl rayonundan da Şərqi Zəngəzura yol açılacaq. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir.

Laçın rayonunda enerji layihələri də uğurla həyata keçirilməkdədir. İndi Laçın, Kəlbəcər, Zəngilan və bir neçə digər rayonda su elektrik stansiyalarının tikintisi sürətlə gedir. Məhz birinci inşa edilən stansiya Güləbird kəndində olmuşdur. Bütövlükdə azad edilmiş ərazilərdə bu ilin sonuna qədər su elektrik stansiyalarının gücü 200 meqavat, gələcəkdə isə 500 meqavat olacaqdır. Bundan əlavə, Laçın və Kəlbəcər rayonlarında böyük külək enerji potensialı vardır.

Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsini qəbul edərkən ölkə başçısı bildirdi ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar. İlkin mərhələdə isə bu il və gələn il Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də bir qədər çox keçmiş köçkünün qaytaraılması prosesi həyata keçiriləcəkdir.