YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şübhə yoxdur

Türkiyə böyük faciənin nəticələrini dəf edərək bu acı sınaqdan şərəflə çıxacaq

Anastasiya Lavrina

YAP Gənclər Birliyinin üzvü

Türkiyədə baş verən güclü zəlzələ və çoxsaylı insan tələfatı xəbəri Azərbaycanda hər kəsi sarsıtdı, çünki ölkələrimiz haqqında bir millət, iki dövlət kimi danışılması təsadüfi deyil. Fevralın 6-da Azərbaycan Prezidenti İlham Əliyev ilk olaraq qardaş Türkiyəyə başsağlığı verib və bu çətin vaxtlarda Azərbaycanın qardaş ölkəyə hər cür yardım etməyə hazır olduğunu vurğulayıb. Baş verən zəlzələdə zərər çəkən insanların həyatını iki yerə, zəlzələdən əvvəl və sonraya bölmək olar. Təəssüf ki, ölənlərin sayı artmaqda davam edir.

Azərbaycanda insanlar heç bir çağırış gözləmədən könüllü olaraq Türkiyəyə göndərmək üçün yardımlar toplamağa başladılar. Artıq ilk günlərdən külli miqdarda humanitar yardım toplanmışdı. Könüllülər zərərçəkənlər üçün zəruri olan əşyaları qutulara qoyub ən qısa zamanda qardaş ölkəyə göndərməyə tələsirdilər. Azərbaycan Respublikası dövlət başçısının Türkiyə səfirliyinə səfəri zamanı qeyd etdiyi kimi: «Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, bizim aramızda təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur».

Türkiyə və Azərbaycan tarixin ən çətin dövrlərində bir-birinə dəstək olublar. Bu gün bütün Azərbaycan xalqı qardaş ölkənin yanındadır. Eyni zamanda, Azərbaycan xalqından danışarkən ölkədə yaşayan bütün etnik qrupların nümayəndələrini də nəzərə almaq lazımdır. 44 günlük Vətən Müharibəsində bütün etnik qrupların nümayəndələri də ölkənin ərazi bütövlüyünün müdafiəsində çiyin-çiyinə dayanmışlar. Və bu gün Türkiyədə baş verən dəhşətli təbii fəlakətin nəticələrinin öhdəsindən gəlmək üçün də bütün Azərbaycan xalqı birləşmişdir.

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına uyğun olaraq, Türkiyədəki zəlzələ bölgəsinə 36 ton humanitar yardım göndərilib.

Qeyri-sabit, qarlı və yağışlı hava şəraitinə baxmayaraq, humanitar aksiyada Azərbaycanın rayonlarında yaşayan sakinlər də fəal iştirak etmişlər. Onlar qardaş xalq üçün humanitar yardım toplayırdılar.

Demək olar ki, bütün ölkələr könüllü olaraq Türkiyəyə dəstək verdi. Türkiyənin bir sıra siyasi məsələlərdə fikir ayrılığı yaşadığı Yunanıstan və İsrail də zəlzələ bölgəsinə öz xilasetmə qruplarını və humanitar yardım göndərib. Təbii ki, ilk olaraq bu, insanlıq amilidir, amma bunda Türkiyə dövlətinin düzgün qurulmuş siyasəti də mühüm rol oynayıb. Son bir neçə ildə Türkiyə bir çox ölkələr üçün güclü, ardıcıl və etibarlı tərəfdaş kimi özünü təsdiq etdi. Türkiyə ağır miqrasiya böhranı zamanı Avropa İttifaqının köməyinə gəlib, Yaxın Şərqdən çoxsaylı miqrantı öz ərazisində sığınacaqla təmin edib. Türkiyə Rusiya və Ukrayna arasında aparılan danışıqlarda vasitəçi kimi çıxış edərək tərəfləri dinc dialoqa çağırıb. “Taxıl müqaviləsi” Ankaranın vasitəçilik səylərinin nəticəsi idi. Türkiyə Azərbaycanla birlikdə müharibədən sonrakı dövrdə Cənubi Qafqaz regionunda sülh gündəmi yaratmağa çalışır. Paralel olaraq, Türkiyə Azərbaycanla birlikdə enerji siyasətinin inkişafında fəal iştirak edir, tədricən Xəzər dənizindən enerji daşıyıcılarının Avropaya nəqli prosesində mühüm enerji mərkəzinə çevrilir və bununla da qaz təchizatı marşrutlarının şaxələndirilməsinə kömək edir. Türkiyə bir sıra ərəb ölkələri ilə çox sıx əlaqələr quraraq Yaxın Şərq regionunda güclü oyunçuya çevrilib. Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlunun Yaxın Şərq ölkələrinə çoxsaylı səfərlərini və bir çox dövlət başçılarının cavab səfərlərini xatırlaya bilərik.

Bu gün Türkiyə bərabərhüquqlu, güclü regional güc kimi qəbul edilir. Türkiyənin inanılmaz dərəcədə böyük faciənin nəticələrini dəf edərək bu acı sınaqdan şərəflə çıxacağına şübhə yoxdur.