YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni siyasi sistemin tələblərinə cavab verəcək mütərəqqi bir sənəd

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Prezident İlham Əliyev yanvarın 11-də “Siyasi partiyalar haqqında” qanunu təsdiqləyib. Bu qanun 6 fəsil, 30 maddədən ibarətdir. Yeni qanun qüvvəyə mindiyi üçün 1992-ci ildə qəbul olunmuş qanun ləğv edilir. “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanmasında siyasi partiyaların təklifləri nəzərə alınıb. “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin təsdiq olunması bir sıra zərurətdən irəli gəlirdi. Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi mövcud siyasi partiya rəhbərləri, siyasi xadimlərin iştirakı ilə müzakirə olunub və bu ictimai müzakirələr kifayət qədər konstruktiv məcrada aparılıb. Geniş fikir mübadiləsi nəticəsində 47 siyasi partiya tərəfindən 250-dən çox təklif alınıb. Təkliflər əsasında sənədin yenilənməsi zamanı layihədə 66 dəyişiklik edilib. Çoxlu sayda dəyişikliyin edilməsi qanun layihəsinin daha da təkmilləşdirilməsi ilə bağlı mövqeni bir daha nümayiş etdirir. “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi xalqın siyasi iradəsinin ifadəsi, siyasi plüralizm və digər təməl demokratik dəyərlər əsasında hazırlanıb. Əsas prinsip, insanların siyasi proseslərdə iştirakını, siyasi düşüncə və mövqeyinə uyğun təşkilatlanma hüququnu təmin etməkdir. Qanun layihəsində çoxpartiyalı sistemin daha da təkmilləşdirilməsini nəzərdə tutulub. Qanun layihəsi hazırda reallaşan islahatlar kontekstində yeni siyasi sistemin tələblərinə cavab verəcək mütərəqqi bir sənəddir. Qanun layihəsinin hazırlanması zamanı siyasi partiyalardan daxil olan təkliflər nəzərə alınıb, beynəlxalq təcrübəyə istinad edilib ki, bu da layihənin əhəmiyyətini göstərən əsas faktorlardan hesab olunur. Siyasi partiyaların ictimai müzakirələr zamanı səsləndirdiyi fikirlərin sənəddə öz əksini tapması da bir daha təsdiq edir ki, yeni layihə siyasi mühitdə islahatların davam etdirilməsinə təkan verəcək. Digər bir məsələ iki dəfə ardıcıl olaraq, parlament, prezident və ya bələdiyyə seçkilərində iştirak etməyən partiyaların dövlət qeydiyyatının ləğv edilməsi ilə bağlı təklifidi ki, bu müddəalar layihədən çıxarılıb.

Ölkədə fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyəti qısa müddət ərzində qanun layihəsinin strukturu, konsepsiyası, ölkədə aparılan siyasi islahatların dərinləşdirilməsi, siyasi partiyaların institusional inkişafının gücləndirilməsi barədə təklif və istəklərini Milli Məclisə təqdim etdilər. Yeni qanun layihəsinə siyasi partiyalar tərəfindən göstərilən yüksək maraq bir daha onu nümayiş etdirdi ki, bu, təşəbbüs vaxtında irəli sürülüb və Prezident İlham Əliyevin müəyyən etdiyi yeni siyasi konfiqurasiyanın tam formalaşması, siyasi dialoq mühitinin daha da yaxşılaşdırılması və ölkədə siyasi sistemin təkmilləşdirilməsi baxımından xüsusi önəm kəsb edir.

"Siyasi partiyalar haqqında" qanun siyasi sistemin təkmilləşnəsinə xidmət edəcək, güclü siyasi partiyaların formalaşmasını təşviq edəcək, cəmiyyətdə sağlam siyasi münasibətlərin qurulması və bundan sonra da demokratik əsaslarla inkişaf etməsi üçün möhkəm hüquqi özül yaradacaq.