YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qarşıya qoyulan hədəflərə çatmaq üçün güclü potensiala malikdir

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir çox mühüm məsələlərə toxunub. Dövlət başçısı mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmaqla yanaşı, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə edib. Ölkə başçısı həmçinin vacib mesajlar verməklə yanaşı, Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq edib.

2022-ci ildə qarşıya qoyulan bütün vəzifələrin yerinə yetirildiyini bildirən Prezident İlham Əliyev müharibənin nəticələrinin dünya tərəfindən qəbul edildiyini deyib və əminliklə söyləyib ki, Azərbaycanın haqlı olması bir daha təsdiqlənib və müharibənin sonunda yaranmış vəziyyəti biz daha da möhkəmləndirməliyik, yəni, öz mövqelərimizi daha da gücləndirməliyik. Son iki il ərzində həm beynəlxalq əlaqələr müstəvisində, həm ölkə daxilində biz istədiyimizə nail ola bilmişik.

Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır.

Dövlətimziin başçısı postmüharibə dövründəki reallıqlara da toxunub və vurğulayıb ki, müharibədən sonra Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı. Dünyanın siyasi elitası yaxşı başa düşür ki, bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq.

Müstəqillik illərində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər, hazırkı inkişaf səviyyəsi göstərir ki, ölkəmiz qarşıya qoyulan hədəflərə çatmaq üçün güclü potensiala malikdir. Bu gün Azərbaycan güclü iqtisadiyyata, dayanıqlı siyasi-hüquqi və sosial-müdafiə sisteminə, təhlükəsiz və sabit ictimai-siyasi mühitə, yenilənmiş infrastruktura malik, beynəlxalq təşkilatlara inteqrasiya olunmuş bir dövlətdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkənin sağlam qüvvələrini, bacarıqlı, vətənpərvər və intellektual insanlarını ətrafına toplayaraq böyük vəzifələrin öhdəsindən uğurla gəldi və Azərbaycanın yüksəlişinin əsaslarını yaratdı. Onun rəhbərliyi və iradəsi ilə demokratik, hüquqi dövlətə və azad cəmiyyətə xas olan institutlar və təsisatlar, bazar münasibətlərinə əsaslanan iqtisadiyyat, ədalətli sosial siyasət formalaşdırıldı, mədəniyyət, təhsil, səhiyyə, idman və ekoloji problemlərə diqqət artırıldı.

Ancaq dünyada ziddiyətli vəziyyət mövcuddur. Azərbaycan dövləti həm regional, həm də beynəlxalq aləmdə beynəlxalq hüququn prinsiplərinə əməl edir. Baxmayaraq ki, ölkəmiz Ermənistanın təcavüzünə məruz qalıb, eyni zamanda, bununla bağlı haqsızlıqla üz-üzə qalıb. Qarabağ zəfəri üçün illərdir ki, mühüm təməllər atılmaqda idi. Vətən müharibəsində Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz gücünü səfərbər edərək milli qürur və ləyaqətin bərpasına, işğal faktının, tarixi ədalətsizliyin aradan qaldırılmasına nail oldu. 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda aparılan abadlıq yenidənqurma işləri tezliklə regionda inkişafın, canlanmanın və məskunlaşmanın formalaşmasına gətirib çıxaracaq. Uğurla və davamlı şəkildə aparılan işlər ümumi fonda ölkəmizin inkişafına öz töhfəsini verəcəkdir.