YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bizi birləşdirən dəyər

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

31 dekabr – Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri - Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhəddinin dağıdılması ilə qoyulub. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdılıb. 1991-ci ilin 16 dekabrında Azərbaycan xalqınının ümummilli lideri, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər. Bu bayramın başlıca qayəsini Azərbaycan dövlətçiliyi, xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq hissləri və ideyaları təşkil edir. 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. İndi həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.

2020-ci il il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışı ilə Vətən müharibəsinə qalxıb. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğradıb və ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilib. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olub. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünə mənəvi borc sayır. Qədim tarixə malik xalqımız bu əlamətdar bayramı uzun illərdən bəri yaranmış, qorunub saxlanılmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan xoş amallarla, duyğularla keçirir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, ürəklərində Vətən eşqi, milli-mənəvi birlik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək alır. İlk dəfə həmrəylik və birlik arzuları ilə dillərə gətirilən və rəsmiləşdirilən bu bayram ürəklərdə uzun illərdən bəri qorunan azadlıq və birlik hisslərinin təzahürüdür.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə dünyanın bütün yerlərində yaşayan soydaşlarımızı təbrik edir, onlara hər bir sahədə uğurlar arzulayıram.