YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Soçi görüşünün nəticəsi milli qətiyyətimizi və siyasi iradəmizi özündə əks etdirir

“Oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş və görüşün nəticəsi olaraq imzalanmış birgə bəyanat bu dəfəki görüşdə də ölkəmizin milli maraqlarınının təmin olunduğunu deməyə əsas verir. Əvvəlki görüşlərdə olduğu kimi, Soçidə Rusiya Prezidenti ilə keçirilən ikitərəfli, eləcə də Ermənistanın baş nazirinin də daxil olduğu üçtərəfli görüş zamanı dövlət başçımız İlham Əliyevin səsləndirdiyi fikirlər milli qətiyyətimizi və siyasi iradəmizi özündə əks etdirir”. Bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib.

Onun sözlərinə görə, bəyanatda 2020-ci ilin 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatlarının icrasının tam yerinə yetirilməsinin vacibliyi, Ermənistanın üzərinə götürdüyü öhdəliklər qarşısında məsuliyyət daşıdığı bir daha vurğulanıb və Ermənistanın baş naziri öz imzası ilə bu öhdəlikləri bir daha təsdiq etmiş olub: “Azərbaycan-Ermənistan münasibətlərinin bu şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiqlik ifadə olunub. Aydındır ki, bu məsələdə Azərbaycan qətiyyətli addımlar atıb və atmaqda davam edir. Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi üzərinə götürdüyü öhdəliklərdən boyun qaçıraraq heç bir əməli addım atmayıb. Nəticədə, yuxarıda qeyd olunan hər 3 bəyanatın məhz Ermənistan tərəfindən hələ də yerinə yetirilməyən bəndləri var”.

Eyni zamanda güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılıq isə olduqca mühüm öhdəlikdir. Çünki post-münaqişə dövründə hələ də Ermənistan tərəfinin sərhədyanı ərazilərdə hərbi təxribatlarının şahidi oluruq. Bu cür təxribatlardan biri də cari ilin 12-13 sentyabr tarixlərində baş verdi. Ermənistanın bütün təxribatlarına olduğu kimi, bu təxribatına da lazımi cavab verildi. Düşmən ciddi itkilər verərək, geri çəkilməyə məcbur oldu. Lakin bu cür hadisələr iki ölkə arasında münasibətlərin normallaşmasına və sülh müqaviləsinin imzalanması işinə, qarşılıqlı inam və etimad mühitinə ciddi xələl gətirir. Bu kimi faktlar Ermənistanın qeyri-səmimi mövqedə olduğunu sübut edir.

Azərbaycan və Ermənistan regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyini vurğulamaqla mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışını davam etdirmək barədə razılaşıblar. Bu da öz növbəsində sülh müqaviləsinin imzalanması istiqamətində ümidləri artırır. Bir sözlə, Azərbaycan Ermənistanla irəli sürdüyü 5 vacib prinsip daxil olmaqla sülh müqaviləsinin imzalanmasında maraqlıdır və bu istiqamətdə səylərini davam etdirir: “Biz regionda və bütövlükdə dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında, insanların dinc və əmin-aman şəraitdə yaşamasında maraqlıyıq. Hər iki ölkə qarşılıqlı olaraq bir-birinin suveren ərazilərinə və ərazi bütövlüyünə hörmətlə yanaşmalı, sərhədlərin delimitasiyası işi sürətləndirilməlidir. Dövlət başçısı İlham Əliyevin Rusiya Prezidenti ilə görüşündə səsləndirdiyi kimi, artıq münaqişə həll olunub. Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad edib. Ermənistan bu faktla barışmalı və sülhü təhdid edən revanşist meyillərdən əl çəkməlidir”.