YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın 30 illik yubileyi münasibətilə Yasamalda silsilə tədbirlər davam edir

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı “K.Kazımzadə küç.100A” (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi) ünvanı üzrə ərazi partiya təşkilatında partiyanın təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, sədr müavini Elnarə Mustafayeva, “K.Kazımzadə küç.100A” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Amil Seyfiyev və partiya üzvləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il 21 noyabr tarixinin respublikamızın ictimai-siyasi həyatında yeni tarixi başlanğıc nöqtəsi sayıldığını deyib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan Yeni Azərbaycan Partiyasının 30 illik inkişaf tarixi göstərdi ki, partiyanı yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Bu gün də Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiya ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev vurğulayıb ki, Ulu Öndərin yüksək nüfuzu, xalqın ona böyük inamı, etimadı və davamlı dəstəyi Yeni Azərbaycan Partiyasının ardıcıl uğurlar qazanmasını təmin edən əsas amil oldu. B.Nəbiyev ümummilli lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyanın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrətinin, beynəlxalq nüfuzunun daha da artacağına əminlik ifadə edib. Bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasından, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb. Yeni dövrün reallıqlarına uyğun olaraq siyasi inkişafa xidmət edən islahatların aparılması, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması, milli həmrəyliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyinin daha da gücləndirilməsi, Böyük qayıdışın yüksək səviyyədə həyata keçirilməsi, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsi və digər milli məqsədlər strateji prioritetlər kimi müəyyənləşdirilib. Təbii ki, hakim və alternativsiz siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının da bu istiqamətdə üzərinə mühüm vəzifə və məsuliyyət düşür. 

Ekologiya və Təbii Sərvətlər nazirinin müavinləri Vüqar Kərimov və Firdovsi Əliyev, “K.Kazımzadə küç.100A” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Amil Seyfiyev çıxışlarında Yeni Azərbaycan Partiyasının təsis olunduğu gündən xalqın inam və etimadını ən yüksək səviyyədə doğrultduğunu bildiriblər.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib.