YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Gürcüstan münasibətləri müttəfiqlik səviyyəsinə yüksələrək bütün sahələrdə uğurla inkişaf edir

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

“Əminəm ki, bugünkü səfər Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Bu münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur.” Oktyabrın 24-də Gürcüstana işgüzar səfər edən dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında səsləndirdiyi bu fikirləri ilə iki dost ölkə arasında münasibətlərin dünəninə nəzər salıb, qarşıdakı dövrün perspektivlərini açıqladı. Bildirdi ki, bu gün strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə yüksəlib. Çünki bir çox sahələr üzrə fəal əməkdaşlıq edirik. Bu əməkdaşlıq həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində mövcuddur. Azərbaycan və Gürcüstan daim bir-birlərini beynəlxalq təşkilatlarda dəstəkləyirlər. Bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin bəyanatında bu fikir xüsusi yer alır ki, ölkələrimiz arasında mehriban qonşuluq münasibətləri və strateji tərəfdaşlıq, o cümlədən əməkdaşlığın gündəliyi dövlət başçısı İlham Əliyevin səfərinin əhəmiyyətini açıqlayır.

Bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. 1995-ci ildə Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ildə isə Tbilisidə Azərbaycan səfirliyinin açılması iki ölkə arasında əlaqalərin inkişafında öz sözünü deyir. Azərbaycan və Gürcüstanın sıx tellərlə biri-biri ilə bağlı olduğunu təsdiqləyən xeyli sayda faktlar sadalaya bilərik. Diplomatik münasibətlərin 30 illiyi keçilən yolun aydın mənzərəsini təqdim edir. Bu əməkdaşlığın əsas istiqaməti enerji və nəqliyyatdır. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə etmək istəyi yeni-ieni layihələrin gündəmə gətirilməsinə yol açdı. Hər zaman qeyd edildiyi kimi, bu əlaqələr regional çərçivədə quruldu. İllər keçdikcə coğrafiyası genişləndi. BTC və BTƏ neft-qaz layihələrinin sırasına Cənub Qaz Dəlizi daxil oldu ki, bu, çoxtərəfli əməkdaşlığın başlanğıcıdır. Dövlət başçısı İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin bəyanatlarında qeyd olunduğu kimi, əməkdaşlığın əsas hissəsinin energetika sektoruna aid olması birgə səyin bəhrəsi, ölkələrimizin iqtisadi inkişafını yüksəldən başlıca amildir. Xəzər, Qara və Aralıq dənizlərini neft-qaz kəmərləri ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrinin reallaşmasında birgə səy göstərən Azərbaycan, Gürcüstan və Türkiyə beynəlxalq ictimaiyyətə qarşılıqlı əməkdaşlıq təcrübəsini nümunə kimi göstərdilər. İnfrastruktur layihələri bütün dünya dövlətləri üçün önəmlidir. “Biz bu gün gələcək enerji siyasətimizlə bağlı geniş fikir mübadiləsi apardıq” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, həyata keçirilmiş layihələr artıq uğurla fəaliyyətdədir. Biz yeni layihələr haqqında düşünürük. Biz dünya bazarlarına qaz ixracatını artırmaq fikrindəyik. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq: “Yəni, bizim niyyətimiz bundan ibarətdir, imkanlarımız da buna çatır. Beləliklə, biz planlaşdırırıq ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Əlbəttə ki, bununla əlaqədar görüləcək işlər həm ikitərəfli formatda müzakirə olundu, həm də gələcək müzakirələrə ehtiyac var.”

Göründüyü kimi, səfərlər ikitərəfli əməkdaşlığın gündəliyinin təhlilində əhəmiyyətli rol oynayır. Tarixi Zəfərimizdən sonra bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması əsas hədəf kimi qarşıya qoyulub. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bu məqama da diqqəti yönəltdi: “Təkcə azad edilmiş torpaqlarda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır. Yəni, bu, beynəlxalq ekspertlər tərəfindən təsdiq edilmiş rəqəmdir və bu, çox böyük rəqəmdir. Əlbəttə ki, bu enerjini istehsal etmək və ixrac etmək bizim növbəti illərdəki vəzifəmizdir. Burada Gürcüstanla Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcək. Yəni, bir sözlə, bölgəmizin iqtisadi potensialını artırmaq üçün çox gözəl imkanlar var - enerji resursları, nəqliyyat dəhlizləri.”

Bu gün bütün sahələrdə tarixi Zəfərimizin reallıqlarını görürük.  Bu, Azərbaycanın regionda və dünyada artan nüfuzunun göstəricisidir. Hər zaman regional əməkdaşlığa töhfələri ilə diqqətdə olan Azərbaycan bu gün də yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edir. Qarabağ münaqişəsinin həllindən sonra regionda dayanıqlı sülhün təmin olunması vacibdir. Bunun üçün ölkəmiz Ermənistana sülh təklifini edib. Səfər çərçivəsində Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlanılması haqqında fikir mübadiləsi də aparıldı.

Qeyd olunanlar fonunda bu ümumiləşdirməni apara bilərik ki, Azərbaycan-Gürcüstan münasibətləri müttəfiqlik səviyyəsinə yüksələrək bütün sahələrdə uğurla inkişaf edir.