YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubadlı azad edilməsi Qələbəyə zəmin yaratdı

Təhmasib Rüstəmov

YAP Qubadlı rayon təşkilatının sədri

Qubadlı şəhərinin işğaldan azad olunmasının ikinci ili xalqımız tərəfindən böyük qürur hissi ilə qeyd edilir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 25 oktyabr tarixində Azərbaycan Ordusu Qubadlını işğaldan azad edərək, düşmənin hərbi qüvvəsini darmadağın etdi və Azərbaycan bayrağını Qubadlı şəhərində ucaltdı.

Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın 41 müxtəlif yaşayış məntəqələrində müvəqqəti məskunlaşmışlar. Azərbaycan Respublikasının cənub-qərbində yerləşən Qubadlı rayonu faydalı qazıntı ehtiyatları ilə zəngin və kənd təsərrüfatının inkişafında rolu olan rayonlardandır.

Müxtəlif qədim türk toponimlərini özündə cəmləşdirən, Zəngəzurun özünəməxsus gözəlliklərinə malik Qubadlı rayonu füsunkar təbiətə malik olmaqla əsasən palıd, fıstıq və vələs ağaclarıyla örtülü torpaq örtüyünə malikdir.

Səthi əsasən dağlıq olan rayon qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir.

25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Çünki şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Bütün yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə həmin yüksəkliklər götürülməli idi. Bu mənada Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu ilk növbədə şəhərə hakim olan yüksəkliklərə nəzarəti ələ keçirdi. Daha sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən tamamilə azad etdi və noyabrın 9-dək isə rayonun 41 kəndi işğaldan azad olundu. Digər xüsusi bir məqam da budur ki, Qubadlının azad olunması Laçın dəhlizinin nəzarətə götürülməsi üçün şərait yaratdı. Qubadlı rayonu həm də Ermənistanla Azərbaycan arasında rəsmi dövlət sərhədi olan rayonlarımızdandır. Qubadlının azad olunması ilə Ermənistanla rəsmi dövlət sərhədinin bərpası prosesi başladı, rayonun digər kəndlərinin azad olunması imkanları genişləndi.

Beləliklə, Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi. 2020-ci il 23 dekabr tarixində Prezident, Ali Baş Komandan İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı.  

Bu günlərdə Qubadlı və Cəbrayıl rayonlarına səfər əsnasında Prezidentə təqdim edilən Baş planda göstərildiyi kimi, rayonun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaq. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi, həmçinin memarlıq da nəzərə alınacaq. Prezidentin səfəri zamanı Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılmasına şahid olduq. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet dövründə Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat olub. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Qubadlıda dördzolaqlı yol strateji əhəmiyyət daşıyır. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Zəngilandan Qubadlıya, Laçına çəkilən dördzolaqlı yoldan insanlar rahat istifadə edəcəklər. Burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yaranacaqdır. Bir sözlə, Qubadlı yeni inkişaf dövrünə qədəm qoyur. Şübhəsiz ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhramanlıq salnaməsi yaradan Azərbaycan xalqı qurub yaratmağa, düşmənin xarabazarlığa çevirdiyi yurdlarımızı zəhməti, alın təri sayəsində laləzarlığa - gülüstana  çevirməyə layiq bir xalqdır. Qısa bir zaman kəsiyində həmin ərazilərdə aparılan böyük quruculuq işləri bunu deməyə əsas verir. Təsadüfi deyil ki, bu günlərdə Zəngilanda beynəlxalq hava limanının açılışında iştirak etmək üçün Azərbaycana səfər edən qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədən düşərkən ətrafa nəzər salaraq görülən işlərin miqyasının necə böyük olduğunu xüsusi bir jestlə ifadə etdi. O qısa bir zamanda Azərbaycanın əldə etdiyi böyük nailiyyətlərin xüsusi önəm daşıdığını və bütün proseslərdə Türkiyənin Azərbaycanın yanında olacağını xüsusi vurğuladı. Bu həm də Ermənistana və ona havadarlıq edən ölkələrə qardaş ölkənin bir xəbərdarlıq mesaji idi. Qubadlının timsalında azad edilmiş bütün ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri hətta xarici ölkələrin tanınmış media orqanlarında da geniş şəkildə tirajlanır. Bu da o deməkdir ki, müzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sürətli və yeni inkişaf mərhələsinə qədəm qoyan müasir Azərbaycan, artıq dünyada güclü bir tərəfdaşa, öz siyasi-iqtisadi imkanları ilə regionda ciddi söz sahibinə çevrilib.

Bütün bunlar Azərbaycan xalqının xoş gələcəyə ümidlə baxmağına böyük zəmin yaradır.