YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə qardaşlığının dünyaya təqdimatı

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Oktyabrın 20-də Zəngilan və Cəbrayıl Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığını bir daha dünyaya təqdim etdi. Zəngilan Beynəlxalq Hava Limanının açılışını birgə həyata keçirən Azərbaycan və Türkiyə Prezidentləri Cəbrayıl şəhərində təkbətək görüşdən sonra mətbuata birgə bəyanatlarında bu birliyin dünəninə, bu gününə və gələcəyinə bir daha diqqəti yönəltdilər. Dövlət başçısı İlham Əliyev bu fikri böyük qürur hissi ilə qeyd etdi ki, bütün bu şanlı tarix bizim müştərək tariximizdir. Çünki İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi. Bu, bizə əlavə güc verirdi. Bu, bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qabağını alırdı.

Böyük fəxr hissi ilə qeyd edirik ki, Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı. Bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Türkiyə şirkətləri bu prosesdə fəal iştirak edirlər. Türkiyə Prezidentinin oktyabrın 20-də ölkəmizə reallaşdırdığı səfər zamanı Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışı oldu. “Dost Aqropark” türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksidir. Üç mərhələdə həyata keçirilən layihənin təməli 2021-ci il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Ötən bir il ərzində “Dost Aqropark”da birinci mərhələ üzrə görüləcək bütün işlər başa çatdırılıb.

“Dost Aqropark”ın açılışını birlikdə qeyd etdik” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, bu da bu bölgəyə birinci özəl sərmayədir və bu aqroparkın adı da - “Dost Aqropark” özlüyündə hər şeyi deyir. İnşaat, yol çəkilişi işlərində Türkiyə şirkətləri bizimlə bərabər çalışır: “Biz Türkiyə şirkətlərinə minnətdarıq ki, qısa müddət ərzində böyük işlər görür. Yolların, - yolların bir hissəsi artıq hazır vəziyyətdədir, - dəmir yolları, eyni zamanda, 33 tunelin inşası nəzərdə tutulmuşdur. Onların bir neçəsində fəal iş gedir. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü tikiləcək, onların bir qismi inşa edilmişdir. Körpülərin ümumi uzunluğu 12 kilometrdir. Bu, ancaq birinci mərhələdə görülən və görüləcək işlərdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik.”

Səfər çərçivəsində, həmçinin Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimi keçirildi, əraziyə 15 baş ceyran buraxıldı.

Göründüyü kimi, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bütün sahələrdə özünü nümayiş etdirir.  Hər zaman biri-birinin yanında olan iki qardaş ölkənin birliyi regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Daim ədaləti, beynəlxalq hüququ müdafiə edən, bütün münaqişəli məsələlərin bu prinsiplər əsasında həllinə səy göstərən Azərbaycan və Türkiyə dostluğun, qardaşlığın, müttəfiqliyin nümunəsi olan bu birliyə yeni-yeni əlavələr edirlər. Dünyaya səs salan Şuşa Bəyannaməsindən sonra Azərbaycan və Türkiyənin birgə səylərinin nümayişi olan addımların xronologiyasına diqqət yetirmək kifayətdir.  Azərbaycan və Türkiyə sözü, əməli bir olan bir millət, iki dövlətdir. 

“İşğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ikinci hava limanının açılışında iştirak etmək, ikinci hava limanını həqiqətən müasir dünyanın müşahidə etdiyi şəkildə ən müasir hava limanlarından biri olaraq açmaq bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi bir iş deyildir” bəyan edən Türkiyə Prezidenti onu da vurğuladı ki, dağıdılmış, yerlə-yeksan edilmiş bu bölgələr hazırda qardaşım İlham Əliyevin liderliyi ilə bənzərinə az rast gəlinən böyük bir inkişaf həmləsi ilə yenidən dirçəlir. Körpüləri, dəmir yolları, avtomobil yolları, magistralları ilə yenidən bir Azərbaycan inşa edilir: “İndi biz bunları yaşayırıq, görürük. Eşidərək deyil, görərək bu ifadələri işlədirik. Bu, təbii ki, başda qardaşım İlham Əliyev olmaqla, bütün komandası ilə əl-ələ verərək atdıqları addımlar, gördükləri işlərlə bu qədər qısa müddətdə Azərbaycan, necə deyərlər, burada sıfırdan başlayaraq yenidən ayağa qalxır.” 

İşğaldan azad edilmiş ərazilərimizin  dostluğumuza, qardaşlığımıza şahidliyindən  qürurluyuq.  Dövlət başçısı İlham Əliyev bu fikirlərlə ifadə etdi: “Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Əziz qardaşımı Cəbrayılda, Zəngilanda salamlamaq, “Xoş gəlmisiniz!” demək mənim üçün böyük şərəfdir.”