YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

30 illik işğala və ədalətsizliyə 44 gündə son...

Ağdamda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, Şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Şəhidlər Abidə Kompleksində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bildirib ki, 27 sentyabr 2020-ci il tarixdə Ermənistanın cəbhə boyu genişmiqyaslı təxribatına əks cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu düşmənə öz layiqli cavabını verərək tarixi ədaləti bərpa etdi. 44 günlük şanlı Vətən Müharibəsində xalqımız Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, öz lideri ilə həmrəylik nümayiş etdirdi. Məhz bu həmrəyliyin nəticəsində Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan tarixi Zəfərə imza atdı.

Tədbirdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev çıxış edərək bildirdi ki, 44 günlük Vətən Müharibəsində şanlı Zəfər qazanan Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hərb tariximizdə yeni tarix yazdı, işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad etdi və ən əsası tarixi ədaləti bərpa etdi. Qazanılan bütün bu uğurlar isə Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin düşünülmüş və uzaqgörən sərkərdəlik təcrübəsinin məntiqi nəticəsi idi.

Mərasimdə çıxış edənlər Şanlı Vətən müharibəsi zamanı xalqımızın birliyindən, ordumuzun qüdrətindən, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətindən söhbət açıblar.

Sonra tədbir iştirakçıları Şəhidlər Abidə Komleksində Birinci Qarabağ Müharibəsi Şəhidlərinin adına ucaldılan xatirə lövhəsinin önünə gül dəstələri düzərək onları yad edib, ruhlarına dualar oxuyublar, Bayraq meydanının ətrafında şəhidlərin xatirəsini əbədiləşdirmək üçün ağaclar əkiblər.

Daha sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanını və rayonun digər kəndlərində dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət edərək onların əziz xatirəsinə ehtiramlarını göstəriblər.