YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Şanlı Zəfərimizlə fəxr edirik"

Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın sentyabrın 27-də Füzuli rayonuna səfəri və dövlətimizin başçısının buradakı çıxışı barədə məlumatlar yayıb.

Yapon və ingilis dilində yayılan məlumatlarda Prezident İlham Əliyevin və birinci xanımın Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyduğu, şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla andığı qeyd edilib.

Məlumatlarda dövlətimizin başçısının buradakı çıxışına da geniş yer verilib. Azərbaycan Prezidentinin sözləri sitat gətirilib: “Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.

Yazılarda Prezident İlham Əliyevin Vətən müharibəsinin şanlı tariximiz olduğunu vurğuladığı, bu müharibə zamanı Azərbaycan xalqının bütün gücünü səfərbər edərək yumruq kimi birləşdiyi və düşməni doğma torpaqlarımızdan qovduğu əksini tapıb: “Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq”.