YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər qürur mənbəyimizdir!

Nizami rayonunda Vətən müharibəsi şəhidi Nicat Həsən oğlu Əhmədovun əziz xatirəsi yad olunub. Doğum günü ilə əlaqədar şəhidin Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında məzarı ziyarət edilib, ruhuna dualar oxunub.

Sonra Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında şəhidin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsinin müdir müavini Asif İmaməliyev, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, şəhid Nicat Əhmədovun oxuduğu 229 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, şəhid yoldaşı Əminə Kərimova, şəhid Nicat Əhmədovun müəllimi Nərgiz Məmmədova və başqaları Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən və Azərbaycan hərbçilərinin heyrətamiz qəhrəmanlığından söhbət açıblar.

Çıxışlarda 2020-ci ilin payızında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfərinin ölkəmizin tarixinə qızıl hərflərlə əbədi həkk olunduğu vurğulanıb. Qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin dərin ehtiramla yad edildiyi, onların əziz xatirəsinin uca tutulduğu ifadə olunub.

Şəhid Nicat Əhmədovun ailə üzvləri adından çıxış edən bacısı Lalə Əhmədova qardaşı ilə bağlı xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, şəhidlərin ailə üzvlərinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Xatırladaq ki, 2020-ci il oktyabrın 8-də Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Nicat Əhmədov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.