YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər birimizin vətəndaşlıq borcu

“Cənab İlham Əliyev Azərbaycan Prezidenti kimi fəaliyyətə başladığı ilk vaxtlardan həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində ordumuz modernləşən güclü silahlı qüvvələrə çevrildi. Tarixi Aprel döyüşlərinin uğurları və Günnüt zəfəri də məhz bu ciddi hazırlığın məntiqi nəticəsi idi. Burada diqqətçəkən məqam həm də o idi ki, bir-birinin ardınca baş verən həmin savaşlarda  Azərbaycanın işğal altındakı torpaqlarını qısa müddət ərzində geri qaytarmağa qadir ordu yaratdığı Ermənistana bir daha aydın oldu. Yeri gəlmişkən, bu məqamda bir həqiqəti də xatırlatmaq istərdim. Ermənistan nə tarixi Aprel döyüşlərinin acı nəticələrindən, nə də ordumuzun Günnüt zəfərindən, həmçinin Vətən müharibəsindən əvvəl, iyul ayının 12-16-da Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Silahlı Qüvvələrimizin  dərslərindən bir nəticə çıxarmadı. Çünki düşmən isteriyaya qapılmışdı. İşğalçı Ermənistan müharibə başlayarsa, Azərbaycan Ordusunun onun uzun illər ərzində qurduğu keçilməz sayılan müdafiə xətlərini yara bilməyəcəyini, məğlubiyyətə uğrayacağını düşünürdü”. 

Bu sözləri mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.

O bildirib ki, İkinci Qarabağ müharibəsindən az əvvəl Azərbaycan tərəfindən layiqincə cəzalandırılmasına baxmayaraq, Ermənistan yenə də növbəti işğalçı siyasətini həyata keçirmək iddiasından əl çəkmədi: “Bunun üçün hazırlıqlara başlayıb, külli miqdarda silah və sursat tədarük edib, qüvvələrini təmas xətti boyunca cəmləşdirdi. Hətta Azərbaycana qarşı müharibə aparmaq üçün on minlərlə mülki şəxsdən ibarət hərbi dəstələr yaradıldığını elan edərək, hədə-qorxu gəldi. Vətən müharibəsində ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatlarının ən böyük nəticələrindən biri o oldu ki, Silahlı Qüvvələrimiz mənəvi-psixoloji, döyüş ruhu, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımdan Ermənistan ordusunu müqayisəolunmaz dərəcədə qabaqladığını təsdiqlədi və təbii ki, düşmən də bu üstünlüyü tam anladı. Erməni ictimaiyyəti bu prosesdə gerilədiyini, uduzduğunu öz üzərində açıq-aydın hiss etdi.  Beləliklə, Prezident İlham Əliyev tərəfindən reallaşdırılan ordu quruculuğu tədbirləri nəticəsində Silahlı Qüvvələrimiz son yüz ildə ilk dəfə Ermənistanı darmadağın etdi. Azərbaycan əsgəri ilk dəfə düşməni diz çökdürüb onun başına “Dəmir yumruq” endirdi. Ermənistanın hava hücumundan müdafiə sistemini və hərbi hava qüvvələrinı sıradan çıxartdı. İşğalçı qüvvələrə ağır zərbələr endirdi, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikasını məhv etdi. Bu gün iftixarla deyə bilərik ki, Azərbaycanın Silahlı Qüvvələri hərbi əməliyyatlar zamanı ən yüksək səviyyədə innovativ yenilikləri tətbiq edən ordudur. Məhz bunun nəticəsi idi ki, müharibənin gedişində  Silahlı Qüvvələrimiz möhtəşəm uğurlara imza atdı, döyüş meydanında öz üstünlüyünü dəfələrlə sübut etdi. Erməni tərəfinin təqribən 30 il ərzində işğal olunan torpaqlarda yaratdığı müdafiə xətlərini, mühəndis qurğularını şücaətlə dağıtdı, komanda məntəqələrini, çox sayda hərbi texnikasını, canlı qüvvəsini sıradan çıxartdı. Bu, Silahlı Qüvvələrimizin dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsinin əbəs deyilmədiyini təsdiqlədi”.

E.Bağırov söyləyib ki, Azərbaycan Ordusunun hansı güc-qüdrətə sahib olduğunu isə əməliyyatların zirvəsi sayılan Şuşa savaşı göstərdi: “Yeri gəlmişkən, Azərbaycan Ordusunun cənub istiqamətində irəliləyişləri inkişaf etmiş texnologiyalardan peşəkar istifadə, rəhbərliyin düzgün planlaşdırması nəticəsində həyata keçirilmişdisə, Şuşada bunun üzərinə heyətin şəxsi peşəkarlığı amili də əlavə olundu. Ümumiyyətlə, Azərbaycanın Vətən müharibəsi müasir döyüş tarixində tamamilə yeni bir səhifənin əsasını qoydu. Prezident İlham Əliyev çıxışlarının birində bununla bağlı deyib: “Şuşa şəhərini azad etmək böyük qəhrəmanlıq tələb edirdi. Şuşaya gələn hər bir insan bu sıldırım qayalara baxarkən görür ki, bu şəhəri, alınmaz qala sayılan şəhəri götürmək, azad etmək böyük qəhrəmanlıq, peşəkarlıq, şücaət, fədakarlıq tələb edir. Qəhrəman Azərbaycan əsgərləri qan tökərək, şəhid olaraq, sıldırım qayalara dırmaşaraq, demək olar ki, yüngül silahlarla, əliyalın halda bu şəhəri işğalçıdan azad etdi”. Bax, qəhrəman Azərbaycan əsgəri 30 illik işğala cəmi 44 gündə tarixi zəfərlə bu cür mərdliklə, şücaətlə son qoydu, Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan bayrağının ucaldılmasını gerçəkləşdirdi.  Vətən müharibəsində Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyəcəyini, iflasa məhkum olacağını anlayan düşmən məğlubiyyətini etiraf etmək məcburiyyətində qaldı, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən üçtərəfli bəyanat imzalandı. Bununla da uzun illər davam edən münaqişəyə, torpaqlarımızın işğalına son qoyuldu, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatı yaradıldı. Beləliklə, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 gün davam edən müharibədə möhtəşəm qələbə qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Silahlı Qüvvələrimiz döyüş meydanında Ermənistanın “güclü, məğlubedilməz” ordu mifini birdəfəlik darmadağın etdi”.

O əlavə edib ki, bu gün belə bir müzəffər ordunun fəaliyyətinə xələl gətirəcək hərəkətlərə yol vermək, Silahlı Qüvvələrlə bağlı müəyyən prosesləri sosial şəbəkələrdə təhrif etməklə yaymaq dövlətin əsas dayaqlarından birini zədələməyə cəhd göstərməkdən başqa bir şey deyil: “Unutmamalıyıq ki, biz belə bir qəhrəman ordunun güc-qüdrəti ilə torpaqlarımızı düşməndən azad etmişik. Eyni zamanda, bu gün Ermənistanın revanş hisslərlə yaşamasını da yaddan çıxartmamalıyıq. Təbii ki, belə bir vaxtda Azərbaycanda həmişə olduğu kimi, ordu quruculuğu uğurla davam etdirilir, yeni komando briqadaları yaradılır, bu sistemdə müəyyən islahatlar və kadr dəyişikliyi həyata keçirilir. Belə bir şəraitdə Silahlı Qüvvələrin nüfuzuna xələl gətirəcək qeyri- rəsmi informasiyalar yaymaq həm dövlətimizin, həm də hər bir Azərbaycan vətəndaşının maraqlarına cavab vermir. Bu məsələdə son dərəcədə diqqətli olmalı, sayıqlığı əldən verməməliyik”.