YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İdarəetmə sahəsində ciddi islahatlar aparılır

David İbramxəlilov

YAP Qusar rayon təşkilatının sədri

Artıq neçə müddətdir ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə həyata keçirilən əsaslı islahatlar ölkənin ictimai-siyasi həyatında real nəticələrini göstərməkdədir. O cümlədən biz bu islahatların ictimai həyatın bütün sferalarının tənzimlənməsində, davamlı inkişafın təmin edilməsində, vətəndaşların rifah və məmnunluq səviyyəsinin yüksəlməsində, peşəkar və səmərəli dövlət qulluğu institutlarının formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edən dövlət idarəetmə sistemində də uğurla həyata keçirildiyini müşahidə edirik. Eyni zamanda idarəetmədə aparılan islahatlar ölkədə korrupsiya və rüşvətxorluğa qarşı həyata keçirilən mübarizə tədbirləri fonunda dövlət strukturlarında böyük təmizləmə işləri ilə müşayiət olunur. İyulun 25-də Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarına təyin olunmuş yeni İcra Hakimiyyəti başçlarını qəbul edərkən etdiyi çıxışında bu məsələlərə xüsusi olaraq toxundu və qeyd etdi ki, bu gün hakimiyyət təmizlənir və insanlar bunu görürlər. Yeni təyin olunan icra başçılarından ən böyük gözlənti etimadı doğrultmaları, vətəndaşların rəğbətini qazanmaq, ölkədə gedən islahatları dərinləşdirmək üçün səylər göstərmələridir. Həm də rayonların inkişafı ilə bağlı təşəbbüslərə də ehtiyac var. Hər yeni təyin olunan icra başçısı öz təklif və ideyalarını verərək, inkişafa töhfə vermiş olar. Məqsəd paytaxtla paralel bölgələrdə də canlanma və davamlı inkişafı təmin etməkdir. Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi həllini tapıb. Bununla belə, yeni icra başçıları yerlərdə həllini gözləyən problemlərin vaxtında çözülməsinə çalışmalı və bu istiqamətdə praktik addımlar atmalıdır. Burada təbii ki, həm mərkəzi icra orqanlarının da məsuliyyəti var, sadəcə bu orqanlara vaxtında və aidiyyatı üzrə müraciət olunmalıdır. Eyni zamanda rayonlarda işlərin daha yaxşı getməsi üçün ictimai nəzarət də vacibdir. Məhz ictimai nəzarət fəaliyyətin effektivliyinə müsbət təsir edən faktorlardan biridir.

Dövlət başçımızın icra başçıları qarşısında qoyduğu əsas vəzifələrdən biri də şəhid ailələrinə xüsusi diqqət göstərilməsi ilə bağlı oldu. Bu həssas təbəqəyə dövlət tərəfindən mənzillər, fərdi evlər verilir, minlərlə minik avtomobilləri təqdim olunur. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. “Rayon icra orqanlarının nümayəndələri bu kateqoriyadan olan insanlara biganə qalmamalı, əksinə, daim onların yaşayışı ilə maraqlanmalıdır” – deyə, Prezident İlham Əliyev məmurlara bir daha vəzifələrini xatırlatdı. Hesab edirəm ki, bu xatırlatma bu sahədə mövcud olan bəzi neqativ halların qarşısını alacaq. Prezident İlham Əliyev yeni təyin olunmuş  İcra Hakimiyyəti başçlarını qəbul edərkən etdiyi çıxışında bütün bu məsələlərə xüsusi olaraq toxundu və qeyd etdi ki, yeni iş yerlərinin açılması son dərəcə əhəmiyyətli məsələdir. Həqiqətən də müstəqillik illərində ölkə əhalisinin sayının 3 milyon nəfər artdığını nəzərə alsaq, insanların rifah halının yüksəlməsi üçün əmək məşğulluğunun zəruri amil olduğunu görərik. Bu baxımdan təbii ki, ölkədə sahibkarlığın inkişafı böyük önəm kəsb edir. Bu gün Azərbaycanda özəl sektorun inkişafına göstərilən dövlət qayğısı, xüsusilə istehsal müəssisələrinin yaradılması yönümündə sahibkarlara dəstək öz nəticələrini verməkdədir. Dövlətin ödənişli sosial iş yerlərinin açılması istiqamətində atdığı addımlar da böyük önəm kəsb edir. Aydındır ki, rayon və bölgələrdə həyata keçirilən dövlət proqramlarının effektiv icrasının təmin olunmasında rayon icra hakimiyyəti strukturlarının xüsusi rolu var. O rayonlardakı bu strukturlara rəhbərlik edən şəxslər öz işlərinə peşkarlıq və məsuliyyətlə yanaşırlar, fəaliyyətlərində xalqın və dövlətin mənafelərini əsas götürürlər, həmin rayonlarda inkişaf gedir. Təəssüflər olsun ki, bəzi hallarda bunun əksi də olur. Lakin bu gün bütün neqativ hallara qarşı dövlətimiz tərəfindən ciddi və qəti tədbirlər görülməkdədir. Öz çıxışında dövlət başçımızın da qeyd etdiyi kimi, işində yol verdiyi qanun pozuntuları səbəbilə artıq bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir. Bu, bir daha Azərbaycanda qanunun aliliyi prinsipinə ciddi əməl olunduğunu göstərir. Ölkə Prezidenti yeni təyinat alan məmurlara hər zaman konkret tapşırıq və tövsiyələrini verir. Bu tövsiyələrdə ən vacib məsələ kimi, vətəndaşlara qayğı, insanların mövcud problemlərinin həlli, rifah halının daim yüksəlməsi istiqamətində zəruri addımların atılması kimi məsələlər hər zaman önə çəkilir, xüsusi vurğulanır. İcra başçılarının insanlarla sıx təmasda olması problemlərlə yerində tanış olmağa və onları vaxtında həll etməyə imkan verir. Bütün məmurlar qarşısında qoyulan əsas vəzifə budur. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, “hər bir dövlət məmuru Prezident başda olmaq şərti ilə xalqın xidmətçisidir”. Yəni yüksək vəzifə yüksək imtiyaz yox, məsuliyyət olmalıdır. Bu prinsipləri pozanlara qarşı görülən sərt tədbirlərdən isə hər kəs nəticə çıxarmalıdır. Çünki burada söhbət ölkənin ümumi inkişafına kölgə salmaqdan gedir ki, bu da birmənalı şəkildə yolverilməzdir.