YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elm və təhsilin inteqrasiyası istiqamətində atılan mühüm addım

Əfsun Sucayev

YAP İdarə Heyətinin üzvü, kimya elmləri doktoru, dosent

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzaladı. Fərmana əsasən, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırıldı. Eyni zamanda  elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edildi.

Bundan başqa, Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb. Həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika; Kimya; Biologiya və Tibb Elmləri, o cümlədən Naxçıvan və Gəncə bölmələri və sair üzrə ümumilikdə 27 institut, təşkilat və digər qurumlar yeni yaradılan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, 3 muzey Mədəniyyət Nazirliyinin tabeliyinə verildi. Humanitar və ictimai bölmələrin, həmçinin Naxçıvan, Gəncə, Lənkəran və Şəki regional bölmə və mərkəzlər isə AMEA-nın tərkibində saxlanıldı.

Cənab Prezident, özünün qeyd etdiyi kimi, nəyi necə, nə vaxt etmək lazımdır, yaxşı bilir.

Nəzərə alsaq ki, əsas akademik elm dəqiq və təbiət elmləri hesab olunur, o zaman AMEA-nın əsas potensialının yeni təsis olunan Elm və Təhsil Nazirliyinə verilməsi bu istiqamətdə Azərbaycan elminin yüksək inkişafı üçün böyük imkanlar yaranmış olub. Ona görə ki, istər fundamental nəzəri, təcrübi və tətbiqyönlü mühüm nəticələr əsasən dəqiq və təbiət elmlər üzrə ixtisaslaşmış tədqiqat institutlarında əldə olunurdu. Təsəvvür edin, son bir ildə Kimya Elmləri Bölməsinin elmi müəssisələrində fundamental elmi tədqiqatlar sahəsində 22 mühüm elmi nəticə əldə edilib. 4 tətbiqi xarakterli iş müxtəlif təşkilatlarda sınaqdan keçirilib, müsbət nəticələr alınıb. Bölmənin cəmi 4 institutunda 38 Azərbaycan və 2 Avrasiya patenti alınıb, 21 monoqrafiya, kitab və dərslik, 376 məqalə, o cümlədən 233-ü xaricdə çapdan çıxıb, 259 məqalə “Web of Science” bazasına düşən jurnallarda çap olunub. 64 məqalə “Clarivate Analytics” bazasının Q1-Q4 qruplarında yer alıb. Bütövlükdə, 841 məqalə və tezis işıq üzü görüb ki, onlardan 474-ü xarici ölkələrdə nəşr olunub. Bu statistik rəqəmlərdə həm Azərbaycan elminin dünya elminə, həm də ölkə iqtisadiyatının inkişafı və onun müdafiə qüdrətinin artırılmasına töhfəsini görmək olur.

Əldə olunan nəticələr akademik tədqiqat institutlarının mövcud potensialına tam cavab vermirdi. Təbii ki, müəyyən obyektiv və subyektiv səbəblər bu prosesə maneə törədirdi. Nəticə etibarilə mövcud elmimizi dünya elminin müasir çağrışlarına və yeni reallıqlara uyğun inkişafına akademik sistemdə nail ola bilmədik. Ona görə, yeni islahatlar elmə yanaşmanı kökündən dəyişməyi, aparılan elmi tədqiqatların səmərəliyinin artırılması, bütövlükdə elm və təhsilin inteqrasiyası və ən əsası da Azərbaycan elminin dünya elminə inteqrasiya prosesinin sürətləndirilməsi zərurətini ortaya qoyub. Bundan ötrü elmin inkişafı ilə bağlı keçmişdə yol verilən nöqsanlardan nəticə çıxarmaq və qabağa baxmaq lazımdır. Cənab Prezidentin məlum fərmanı ölkəmizdə həm elm və təhsilin inteqrasiyasının yeni mərhələyə qədəm qoymasına geniş imkan açacaq, həm də əsas prioritet istiqamətlər üzrə dünya elminə inteqrasiyanı sürətləndirə biləcək.

Fərmanda Elm və Təhsil Nazirliyinə tapşırılır ki, tabeliyinə verilən qurumların sayının optimallaşdırılması və fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. Təbi ki, bu prosesi elmi tədqiqat institutların fəaliyyətini kordinasiya edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi həyata keçirəcək. Bu qurumun üzərinə böyük məsuliyyət düşür. Çünki optimallaşmanı kortəbii aparmaq olmaz. Unutmayağın, dəqiq və təbiət elmləri üzrə ixtisaslaşmış institutların əksəriyyəti sözün əsl mənasında bir məktəb yaradıb: “Geologiya məktəbi”, “Riyaziyyat məktəbi”, “Neft-kimya məktəbi”, “Aşqarlar kimyası məktəbi”, “Yarımkeçiricilər fizikası məktəbi” və sair. Bu məktəblər həm dünya, həm Azərbaycan elminə yüksək ixtisaslı elmi kadrlar bəxş edib. Həmin institutları bağlamaq həmin məktəblərin tamamilə yox olması ola bilər. Onların hər birinin minimum 50 illik zəngin tarixləri var. Əlbəttə digər elmi müəssisələr kimi bu kimi institutlarda da yaxından-uzaqdan elmlə əlaqəsi olmayan sadəcə bu iş yerlərindən sui-istifadə edənlər var. Artıq yeni struktur islahatlarda elə təsadüfi “elm adamları”na yer ola bilməz.

Dünya təcrübəsi və Azərbaycanın yeni reallıqlarını da nəzərə almaqla yaxşı olar ki, Elm və Təhsil Nazirliyi tabeçiliyinə verilən mövcud elmi tədqiqat institutlarının və orada çalışan elmi əməkdaşların elmmetrik meyarlar əsasında qiymətləndirilməsini aparsın. Eyni zamanda potensialı və perspektiv imkanları dəyərləndirilməlidir. Həmin institutların prioritet istiqamətlərini təhlil edib yenilənmə aparmaq mümkündür. Əsas odur, gələcək perspektivi olan elmi tədqiqat institutlarının potensialını elmi tədqiqatların səmərəsinin yaxşılaşdırılmasına və sonda bu potensialın fundamental elmin inkişafına və ölkənin iqtisadi inkişafına yönəldə bilək.

 Növbəti mərhələdə dəqiq və təbiət elmləri üzrə ixtisaslaşmış elmi müəssisələrimizdə müştərək beynəlxalq laboratoriyalar yaradılmalı və həmin laboratoriyaların işi bilavasitə xaricdəki aparıcı elm mərkəzlərində çalışan alimlərimizin elmi fəaliyyət sahələri ilə əlaqələndirilməlidir. Ən müasir cihaz və avadanlıqlarla təchiz edilmiş, elektron kitabxanalara, müasir beynəlxalq axtarış proqramlarına, bütün nüfuzlu elmmetrik bazalara, qlobal elmi şəbəkələrə çıxış imkanları olan həmin laboratoriyaların illik fəaliyyət planı müştərək beynəlxalq tədqiqatların mövzuları əsasında hazırlanmalı, o tədqiqatların yüksək səviyyədə yerinə yetirilməsi üçün əlavə maliyyələşmə, stimullaşdırma tədbirləri olmalı, fəlliyyəti hesabatlılıq, şəffaflıq və məhsuldarlıq kimi beynəlxalq prinsiplər əsasında qurulmalıdır. İldə iki dəfə beynəlxalq laboratoriyaların beynəlxalq meyarlar əsasında qiymətləndirilməsi aparılmalıdır.

Beynəlxalq laboratoriyalar  üzrə magistratura və doktoranturaya qəbul olunan ən azı 2 gənc mütəxəssis minimum bir il müddətinə həmin alimin çalışdığı elm mərkəzinə beynəlxalq təcrübəkeçməyə göndərilməlidir. Tam təcrübəni qazandıqdan sonra Azərbaycana geri qayıtması əsas şərtlərdən biri olmalıdır. Bundan əvvəlki təcrübədə xaricə təhsil almağa gedən bir çox alimlərimiz sonradan orada qalıb işləməyə qərar vermişdirlər. İndi qabacıl təcrübəni qazanan mütəxəssislərin ölkəmizdə olmasına daha çox ehtiyacımız vardır.

Ölkə rəhbəri elm və təhsilin bir yerdə inkişafı üçün aydın yol xəritəsini göstərib. Bizə onu tam şəkildə həyata keçirmək qalır.