YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Qayıdış Azərbaycanın sürətli inkişafına mühüm töhfə olacaq

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü 

30 ildən çox işğal altında qalan ərazilərimizin düşmən tapdağından azad edilməsini şərtləndirən Vətən müharibəsindən qısa müddət keçməsinə baxmayaraq, illərlə erməni vandalizminə məruz qalmış Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgələrinə həmin torpaqların əsl sahiblərinin qayıtmasına start verildi. Belə ki, bu günlərdə təntənəli mərasimlə Bakıdan yola salınan Zəngilan rayonunun Ağalı kəndinin bir qrup sakini artıq doğma yurd-yuvalarındakı ən müasir infrastrukturla təchiz edilmiş yeni evlərində məskunlaşdırılırlar.

Məlum olduğu kimi, “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi davam edir və layihə çərçivəsində inşa edilən yaşayış məntəqələrindəki yeni mənzillərdə evlərin tikintisi müasir texnologiyaların tətbiqi ilə aparılıb. Eyni zamanda, Böyük Qayıdış layihəsi çərçivəsində ilk köçün həyata keçirildiyi Zəngilanda bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Ağalı kəndində uşaq bağçası, məktəb və bir neçə inzibati binanın inşası başa çatdırılıb, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün məşğulluq məsələləri də həll edilir və köçürülən əhalinin bir hissəsi artıq işlə təmin olunub.

Bundan başqa, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarna daxil olan işğaldan azad edilmiş ərazlərimizin əksəriyyətində “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Artıq azad edilən rayonların ərazilərində infarstruktur layihələrində yeni və müasir üsulla vətəndaşların rahatlığına hesablanan işlərin görülməsinə start verilib. Belə ki, avtomagistral yolların, beynəlxalq hava limanlarının istismara verilməsi işləri ilə yanaşı, yaşayış massivlərin salınması və əhalinin işlə təminatı üçün istehsal müəssisələrinin inşa edilməsi prosesi sürətlə aparılır.

Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq işlərinin aparılması əsasən qüdrətli Azərbaycanın öz daxili gücünə həyata keçirilsə də, böyük infrastruktur və təchizat layihələrində ölkəmizə dost olan ölkələrin şirkətlərinin iştirakı üçün də şərait yaradılır. Buna görə də xarici şirkətlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa, tikinti və quruculuq işlərinə böyük sərmayə qoymağa maraq göstərirlər. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, dirçəldilməsi prosesində xarici dövlətlərə məxsus şirkətlərin iştirakı isə beynəlxalq birliyin Azərbaycanın tarixi qələbəsini və regionda yaratdığı yeni reallıqları dəstəklədiyini sübut edir.

Təsadüfi deyil ki, bu günlərdə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri zamanı Azərbaycanda alternativ, o cümlədən bərpaolunan enerji layihələrində Avropa İttifaqının iştirakı məsələlərinin də planşlaşdırıldığı qeyd edilib. Məlum olduğu kimi, ölkəmizin alternativ enerji layihələrinin icrası üçün böyük potensial var. Azərbaycan tərəfi də ölkəmizin digər regionlarında olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarında da bərpaolunan enerji layihələrinin həyata keçirilməsində xarici dövlətlərin nəhəng şirkətlərinin iştirakında olduqca maraqlıdır.

Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen arasında imzalanan Anlaşma Memorandumu vasitəsilə həmin sahədə əməkdaşlığın möhkəm təməli qoyulub. Memorandumdakı mühüm məqamlardan birinin bərpaolunan enerji ilə bağlı olması, danışıqlar zamanı ökəmizin bərpaolunan enerji sahəsində böyük potensialının vurğulanması bu amilin Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirildiyini göstərir. Xatırlatmaq yerinə düşər ki, Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı da böyükdür. Bütün bunlar qeyd etməyə əsas verir ki, Avropa İttifaqı üçün Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən bərpaolunan enerji üzrə etibarlı tərəfdaşa çevrilməsini də labüdləşdirə bilər.

Onu da qeyd edək ki, Böyük Qayıdış prosesinin başlanğıcı dövrünə təsadüf edən sözügedən Memorandumun imzalanması, habelə gələn ay tərəflər arasında yeni saziş üzərində işin başa çatdırılmasının nəzərdə tutulması Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Avropa İttifaqının strateji olan Azərbaycanın postmüharibə dövründə qurumun diqqət mərkəzində olduğunu bir daha göstərir. Avropanın enerji təhlükəsizliyi sahəsində xüsusi rol oynayan Azərbaycanla yeni sazişin imzalanmasının ölkəmizin gələcək inkişafına, bir çox sahələrdə Avropa ölkələrinin əsas tərəfdaşına çevrilməsinə mühüm töhfə olacağı şəksizdir.

Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Vətən müharibəsindən sonra regionda mövcud olan nəqliyyat dəhlizlərinin və karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması üçün çəkilən ixrac boru kəmərlərinin təhlkəsizliyi üçün münbit şərait yaranıb. Bununla belə, yeni nəqliyyat dəhlizlərinin istifadəyə verilməsi perspektivi baxımından həm Azərbaycan, həm də region ölkələri üçün əhəmiyyət daşıyır. Bu baxımdan Zəngəzur dəhlizinin istifadəyə verilməsi bölgənin tranzit xarakterinə görə mühüm starteji önəmə malikdir. Azərbaycanın coğrafi mövqeyini və müasir yükdaşıma infrastrukturunu nəzərə alaraq, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Böyük Qayıdışın başladığı Şərqi Zəngəzurun iqtisadi dirçəlişi üçün də xüsusi əhəmiyyət daşıyır. Bir sözlə, Şərqi Zəngəzurdan başlayan Böyük Qayıdış prosesi Azərbaycanın sürətli inkişafına mühüm töhfə olacaq.