YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sumqayıt şəhər təşkilatında qazilərlə görüş olub

Yeni Azərbaycan Partiyasının (YAP) Sumqayıt şəhər təşkilatında Vətən müharibəsində yaralanmış qazilərlə görüş olub.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Tədbir iştirakçıları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Tədbiri giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun nümunəvi qəhrəmanlığından və şanlı Qələbə qazanmasından bəhs edib. O qeyd edib ki, əldə olunmuş Zəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətin alternativsiz olduğunu bir daha təsdiqlədi.

R.Hüseynov vurğulayıb ki, müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin prioritet istiqamətlərindən olub. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılıb.

YAP Sumqayıt şəhər təşkilatının sədri qazilərə göstərdikləri şücaətə görə təşəkkür edərək hər zaman dövlətin və xalqın onların yanında olduğunu söyləyib.

Vətən sevgisinin, torpağa məhəbbətin qələbənin təmin olunmasında böyük rol oynadığını söyləyən qazilər dövlətimizə, xalqımıza sədaqətlə xidmət etdiklərinə görə qürur duyduqlarını bildiriblər. Onlara göstərilən diqqətə və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Sonda bir qrup Vətən müharibəsi qazisi Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin siyasətini hər zaman dəstəklədiklərini bildirib və partiya sıralarına qoşulmaq üçün müraciət ediblər.