YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qurtuluşdan Zəfərə - güclənən Azərbaycanın 15 iyunu

Sevinc Qasımova

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini

Azərbaycanın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. Bu tarix müstəqil Azərbaycanın milli dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı sayılır. Tariximizə qızıl hərflərlə yazılmış bu tarix Azərbaycan xalqı üçün sadəcə bayram deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan, fenomen siyasi lider Heydər Əliyevdir.

Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi. Deyirdi ki, 15 İyun ərəfəsində Azərbaycan böyük təhlükə qarşısında idi: "Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Həmin dövrdəki gərgin ictimai-siyasi vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Müdrik Azərbaycan xalqı bu dəfə də doğru və sərrast qərar qəbul etməyi bacarmışdı.

Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.

Ulu Öndər Heydər Əliyevin Azərbaycanda millət və dövlət quruculuğuna verdiyi misilsiz töhfələr onun fəaliyyətinin ana xətlərini təşkil edirdi. Düzgün milli ideologiya olmadan xalqı, əhalini millət kimi birləşdirmək, millət və dövləti isə bir-birinə sarsılmaz surətdə bağlamaq və millət-dövlət fenomeninə nail olmaq müşkül olur.

Ulu Öndərin Azərbaycançılıq məfkurəsi bu vəzifənin öhdəsindən gəlmək, Azərbaycanın milli dövlətini möhkəm və etibarlı əsaslarla qurmaq missiyasını uğurla yerinə yetirmək yolunda misilsiz rol oynadı. Azərbaycançılıq ümumbəşəri dəyərlərə hörmətə, dini, etnik, dil və sair mənsubiyyətindən asılı olmayaraq Azərbaycana və Azərbaycan dövlətinə bağlılığa və Azərbaycana bağlı olanların həmrəyliyinə əsaslanır. Azərbaycandakı bütün xalqların nümayəndələrinin din və etnik mənsubiyyətindən asılı olmayaraq, 44 günlük Vətən müharibəsi zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir Yumruğu” ətrafında sarsılmaz birlik və həmrəylik nümayiş etdirərək düşmənə çökdürücü zərbə vurmaları Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin təzahürünün bir təntənəsi idi.

Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Təsadüfi deyil ki, Azərbaycanın Vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələri tərəfindən öyrənilməkdədir.

Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.

2021-ci ilin 15 iyununda Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında imzalanmış strateji müttəfiqlik bəyannaməsi bu günün əhəmiyyətini daha da artırdı. Dövlət müstəqilliyimiz  daha da möhkəmlənmiş oldu.