YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəlbəcər rayon sakinləri ilə görüş keçirilib

Milli Məclisin deputatı Aqil Məmmədov və Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Qaradağ rayonu “Qobu Park” qəsəbəsində məskunlaşan Kəlbəcər rayon sakinləri ilə görüş keçiriblər. Kəlbəcər rayon 17 saylı tam orta məktəbin inzibati binasında baş tutan görüşdə Aqil Məmmədov ulu öndər Heydər Əliyevin keçmiş məcburi köçkünlərə daim diqqət və qayğı ilə yanaşdığını, onların sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli işlər gördüyünü söyləyib. ​Bildirib ki, Ulu Öndər siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev də fəaliyyətində keçmiş məcburi köçkünlərə xüsusi diqqət və qayğını ön planda saxlayır.

A.Məmmədov vurğulayıb ki, Vətən müharibəsində qazanılan böyük Zəfərdən sonra geniş tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bütün infrastrukturlar yenidən qurulur.​ Yeni avtomobil və dəmir yolları, körpülər, tunellər, hava limanları, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir.

Qeyd olunub ki, artıq qoyunçuluq və arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş Kəlbəcər rayonunun yaylaqlarına köçürülməsinə başlanıb. Köç prosesi pilot layihə çərçivəsində həyata keçirilir.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, işğaldan azad olunan ərazilərdə yeni yaşayış məntəqələrin salınması, keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılması üçün “Böyük qayıdış” planı hazırlanmaqdadır.

“Açıq mikrofon” formatında, dialoq şəklində keçən görüşdə çıxış edən vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Görüş zamanı sakinlərin müraciət və təklifləri ilə bağlı müvafiq tapşırıqlar verilib. Bütün müraciət və təkliflər nəzarətə götürülüb.