YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz qardaşlığa, dostluğa və strateji müttəfiqliyə əsaslanır

“44 günlük İkinci Qarabağ müharibəsində dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun yazdığı şanlı Zəfər 30 illik işğala son qoymaqla yanaşı,  ədaləti bərpa etdi, beynəlxalq hüququn mövcudluğunu, onun zamana və məkana görə tətbiqinin mümkünsüzlüyünü, kimin haqqın, kimin şərin yanında olduğunu nümayiş etdirdi. Bu reallıqların fonunda  Azərbaycan-Türkiyə qardaşlığı, əməkdaşlığı  liderlərimizin birgə qərarları və davamlı olaraq həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələr özünü daha qabarıq şəkildə büruzə verdi. Vətən müharibəsinin baş verdiyi andan Azərbaycanın yanında olan, “Azərbaycan tək deyil” mesajını dünyaya ünvanlayan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın və türk xalqının dəstəyi ölkəmizə güc verdi, daha böyük ruh yüksəkliyi ilə irəliyə doğru addımlamağımızı şərtləndirdi. Dövlət başçısı İlham Əliyevin  mayın 14-də   Türkiyəyə işgüzar səfəri çərçivəsində türkiyəli həmkarı ilə birlikdə  Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etməsi bu birliyin, həmrəyliyin növbəti təzahürü kimi dəyərləndirildi. Dövlət başçısı İlham Əliyevin “Biz hər zaman bir yerdəyik” çağırışı dünyaya ünvanlanan növbəti mesaj oldu.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının  sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, açılış mərasimindən öncə  Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşündə iki müttəfiq ölkə  arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi: “Postmünaqişə dövrünün mühüm reallıqlarından biri Azərbaycan-Türkiyə müttəfiqliyinin rəsmi sənəddə öz təsdiqini tapması oldu. Belə ki, qardaşlığı, dostluğu və müttəfiqliyi özündə əks etdirən Bəyannamənin imzalanmasına Azərbaycanın döyünən ürəyi, Qarabağın tacı Şuşa şahidlik etdi. Bəyannamədə qarşıdakı dövrdə iki qardaş ölkə arasında əlaqələrin müxtəlif istiqamətlər üzrə inkişafının yol xəritələri  öz əksini tapıb. Prezident İlham Əliyevin  Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün qardaş ölkəyə dəvət olunması bu birliyin sarsılmazlığının, liderlərin  bir-birinə səmimi  münasibətlərinin, ən əsası önəmli hadisələrdə biri-birinin yanında çiyin-çiyinə olmaq istəklərinin təqdimatı oldu. Açılış mərasimində diqqət çəkən mənzərələrdən biri məhz bu səmimiyyət ruhunda dövlət başçılarının xoş ovqatla, “Bir millət, iki dövət”in bir-birinə uzatdığı dostluq, qardaşlıq, müttəfiqlik əllərinin liderlərin timsalında birləşdirilmiş formada dünyaya təqdim etdirilməsi oldu.”

Diqqəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın   Zəfər paradında, həmçinin ötən ilin oktyabrında  Füzuli Beynəlxalq Hava Limanının açılışında Azərbaycan Prezidentinin yanında olmasına yönəldən YAP Xətai rayon təşkilatının sədri bildirib ki,  Prezident İlham Əliyevin  açılış mərasimində səsləndirdiyi “İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq” fikirləri dünənə baxış və qarşıdakı dövrün hədəflərinin təqdimatı  kimi dəyərləndirilir.

Vüqar Rəhimzadə Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30 ilinin tamam olduğunu önə çəkərək iki qardaş ölkənin ayrı-ayrı sahələrdə əməkdaşlığının genişləndirilməsi fonunda qazanılan uğurlardan bəhs edib: “Tərəflər arasında hərbi əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Bu  əməkdaşlıq 44 günlük İkinci Qarabağ müharibəsində  öz  nəticəsini göstərdi. Azərbaycan Silahlı Qüvvələrinin hərbi təlimlərdə fəal iştirakı, beynəlxalq standartlara uyğun  maddi-texniki bazasında formalaşdırılması ordumuzun döyüş qabiliyyətinin artmasında əhəmiyyətli rol oynadı. İki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq xüsusi qeyd olunmalıdır. Zəfər paradı hər iki ölkənin  bu sahədə malik olduqları imkanların, birliyin, həmrəyliyin bir daha nümayişi oldu. Dünya bu təqdimatın hələ 2018-ci ildə Bakının işğaldan azad edilməsinin 100 illik yubileyi münasibətilə Azərbaycan-Türkiyə əsgərlərinin möhtəşəm paradında şahidi olmuşdu. Həmin paradda bu əminlik ifadə edilmişdi ki, gün gələcək Azərbaycanın dövlət bayrağı   işğal altında olan bütün torpaqlarımızda qaldırılacaq.”

“İlyarımdır Zəfərin sevincini dost, qardaş ölkə ilə birgə yaşayırıq. Otuz il dağıdılıb məhv edilən ərazilərdə şanlı  Zəfərimizdən sonra başlanan  quruculuq və bərpa işlərinə daim ölkəmizlə çiyin-çiyinə olan  qardaş Türkiyənin dəstəyi böyükdür.  Azad edilmiş ərazilərdə birinci aqropark  Zəngilan rayonunda yaradılır. Ötən il Azərbaycan və Türkiyə mütəxəssislərinin birgə səyləri nəticəsində tikintisi başa çatan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edən  Azərbaycan və Türkiyə prezidentləri sonra  Zəngilana gələrək burada “ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış oldular, həmçinin  birlikdə “DOST Aqropark” adlandırılan investisiya layihəsinin təməlini qoydular. Bu layihə iki qardaş ölkənin müştərək investisiya layihəsidir. Prezident Rəcəb Tayyib Ərdoğanın azad Qarabağa ilk səfər edən dövlət başçısı kimi  Şuşada olması,  sonra Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi möhkəm təmələ əsaslanır, ən əsası ölkələrimiz sevincli, kədərli günlərində bir yerdədirlər və bu birlik dünyaya nümunədir. Böyük öndər Mustafa Kamal Atatürkün qeyd etdiyi kimi, Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri Türkiyənin kədəridir. Bu fikirlərə istinadən dövlət başçısı İlham Əliyev bunu əlavə edir ki, Türkiyənin sevinci Azərbaycanın sevinci, kədəri Azərbaycanın kədəridir.  Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın  möhkəm liderlik iradəsindən qaynaqlanan davamlı birlik və inkişaf strategiyasının təntənəsi kimi dəyərləndirilən bu addımlarının davamlılığı şübhəsizdir. İki dost, qardaş ölkə birlikdə daha möhtəşəm uğurlara imza atacaq, dastanlar yazacaqlar. Cənab Rəcəb Tayyib Ərdoğan  2020-ci il 10 dekabr tarixində Zəfər paradında iştirak etmək üçün Azərbaycana səfəri çərçivəsində sənədlərin imzalanmasından sonra mətbuata bəyanatında qeyd etdiyi kimi, hələ atılacaq çox imzalar olacaq. Bu fikir fonunda böyük qürur hissi ilə qeyd edirik ki, ötən il Milli Qurtuluş Günündə Azərbaycanla Türkiyə arasında müttəfiqliyin təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanması uğurlarımızın zirvəsi oldu”,-deyə Vüqar Rəhimzadə bildirib.

YAP Xətai rayon təşkilatının sədri bu ümumiləşdirməni aparıb ki, Azərbaycan-Türkiyə münasibətləri  çoxşaxəli və genişmiqyaslıdır.  Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz qardaşlığa, dostluğa və strateji müttəfiqliyə əsaslanır. Postmünaqişə dövrünün reallıqları fonunda gerçəkliyə çevriləcək layihələr bu  münasibətləri daha yüksək zirvələrə qaldıracaq.