YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad edilmiş ərazilərin hərtərəfli inkişafı təmin ediləcək

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Bu gün Azərbaycanımızın işğaldan azad edilmiş bütün rayonlarında, o cümlədən Zəngilan rayonunda irimiqyaslı quruculuq işləri görülür, böyük infrastruktur layihələri icra edilir. Əlbəttə ki, bu layihələrin arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu xüsusi önəm kəsb edir. Ölkə Prezidenti cənab İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən etdiyi çıxışında xüsusi olaraq vurğuladı ki, Zəngilan gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcək. Bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcək və bu hava limanının çox böyük funksiyaları olacaqdır. Rayonun coğrafi mövqeyi, beynəlxalq bazarlara yaxın olması və digər amillər geniş perspektivlər açır. Dövlət başçımızın qeyd etdiyi kimi, azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci hava limanının məhz Zəngilanda yaradılması, əlbəttə ki, coğrafi vəziyyəti nəzərdə tutur, buna əsaslanır. Eyni zamanda da bu strateji obyekt ölkənin həm iqtisadi, nəqliyyat, həm də təhlükəsizliklə bağlı məsələlərini həll etmək üçün vacib vasitə olacaqdır. Zəngəzur dəhlizinə gəlincə isə, Prezident İlham Əliyev öz çıxışında bir daha vurğuladı ki, artıq bu dəhliz reallıqdır. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq. Məhz buna görə də hazırda dörd və altı zolaqdan ibarət olan avtomobil yolu sürətlə inşa edilir. Nəzərə almaq lazımdır ki, bu yol həm də keçmiş məcburi köçkünlərin rahatlığını yüksək səviyyədə təmin edəcək. Bununla yanaşı, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına çoxzolaqlı yol çəkilir ki, bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək.

Əlbəttə ki, azad edilmiş ərazilərdə qarşıda duran vacib məsələlərdən biri də məşğulluqla bağlıdır. Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, burada heyvandarlıqla çox geniş miqyaslda məşğul olmaq olar, xüsusilə Laçın, Kəlbəcər, o cümlədən Qubadlı, Zəngilan rayonlarında. Həmçinin Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl və eyni zamanda, Zəngilan, Qubadlı rayonlarında əkinçiliklə məşğul olmaq üçün təbii şərait kifayət qədər əlverişlidir. Dövlət başçımızın qeyd etdiyi kimi, azad edilmiş ərazilərdə birinci aqropark məhz yenə də Zəngilan rayonunda yaradılır. Diqqətəlayiq haldır ki, keçən il Azərbaycan və Türliyə Prezidentləri birlikdə “DOST Aqropark” adlandırılan aqroparkın təməlini qoyublar. Bu, birinci, nümunəvi bir aqropark olacaq və getdikcə azad edilmiş torpaqlarda aqroparkların sayı daha çox olacaq. Təbii ki, Zəngilan rayonunda əsas məşğulluq sahəsi və iqtisadiyyatın əsas hissələrindən biri də kənd təsərrüfatı olmalıdır. Çünki təbii iqlim bunun üçün çox əlverişlidir. Hazırda Ağalı kəndində yeni müəssisələrin yaradılması üzrə iş gedir. Bir müddət əvvəl dövlət başçısı göstəriş vermişdi ki, keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkanlar olsun. Bu isə o deməkdir ki, həm kənd təsərrüfatında, həm də dövlət və özəl şirkətlər tərəfindən yaradılmış müəssisələrdə insanlar çalışacaqlar.

Bu gün bütün dünyada ərzaq təhlükəsizliyi məsələsi ön plana çıxır. Son illərdə ölkəmizdə bu istiqamətdə bir çox işlər görülüb və bu işlər getdikcə artan intensivliklə davam etdirilir. Ümumiyyətlə Zəngilanda kənd təsərrüfatının inkişafı ilə bağlı çox böyük imkanlar var. Prezident İlham Əliyev öz çıxışında məhz bu məqamı da vurğulayaraq bildirdi ki, rayonun kənd təsərrüfatı potensialının maksimum dərəcədə realizə etmək üçün müvafiq qurumlar tərəfindən tövsiyələr verilməlidir. Çünki sovet vaxtında rayonlarımızda kənd təsərrüfatı ilə bağlı aparılan işlər müasir dövrdə əsas ola bilməz. Çünki o vaxt tam fərqli aqrotexniki imkanlar, tam fərqli texnologiyalar var idi. Bu gün isə Azərbaycanın ölkənin kənd təsərrüfatı sahəsinə ən qabaqcıl texnologiyaları gətirmək imkanları var. Dövlət başçısının dediyi kimi, dünyada ən mütərəqqi texnologiya nədirsə, o, bizdə olmalıdır, xüsusilə azad edilmiş ərazilərdə. Çünki 30 ilə yaxın insanlar torpaq həsrəti ilə yaşamışlar, Ermənistan onların ömrünün böyük hissəsini oğurlamışdır. Onlardan minlərlə, on minlərlə insan öz doğma torpağını görməyib, həsrətlə həyatdan gedib. Ona görə oraya qayıdacaq insanlar üçün xüsusi şərait yaradılmalıdır. Kənd təsərrüfatı həm məşğulluq, həm ərzaq təhlükəsizliyi, həm də ixrac deməkdir.