YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəlbəcərli şagirdlər Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Qəbələ şəhərində yerləşən Kəlbəcər rayon 31 nömrəli tam orta məktəbin şagirdləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Qəbələ şəhərində yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiyada olublar.

Ziyarət zamanı çıxış edən Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar daim Ulu Öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətin müasiri olmaqdan qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci hakimiyyət dövrü isə müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir. Yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycanda dövlətçiliyi qoruyub saxlamaq üçün ölkə rəhbərliyinə təcrübəli, qətiyyətli siyasi liderin gətirilməsi olduqca vacib idi və xalqımız haqlı olaraq böyük oğluna müraciət etdi. Heydər Əliyev milyonlarla insanın arzularını ifadə edərək 1993-cü ildə Bakıya gəldi və onun Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir dövrü başlandı. Bu illər elə mürəkkəb dövr idi ki, ölkədə anarxiya, xaos baş alıb gedir, sərhəd bölgələrimiz təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalırdı. İqtisadiyyatı dağılmış, ordusunu yaratmağa macal tapmamış bir ölkəyə rəhbərlik etmək, sözün həqiqi mənasında, böyük məsuliyyət tələb edirdi. Məhz Heydər Əliyev belə bir məsuliyyətin öhdəsindən gələ bilərdi və gəldi də. Müasir və müstəqil Azərbaycan Ulu Öndərimizin şah əsəri, Ali Baş Komandan cənab İlham Əliyev isə bu yolun layiqli və müzəffər davamçısıdır.

Məktəbin direktoru Rəcəb Rəcəbli, müəllimi İzzət Bayramov və digər çıxış edənlər Ulu Öndərin siyasi fəaliyyəti və xalqına bəxş etdiyi zəngin mənəvi irsi ilə bağlı xronologiyanı məktəblilərin diqqətinə çatdırıblar. Həmçinin məktəblilər tərəfindən Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirilib.

Heydər Əliyev Mərkəzinə ekskursiya edən şagirdlərə Ümummilli Lider Heydər Əliyevin gənclik illəri, zəngin həyatı və yorulmaz fəaliyyəti barədə geniş materiallar təqdim edilib, sualları cavablandırılıb.