YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngəzur dəhlizi uğurlu regional əməkdaşlıq nümunəsi olacaq

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci il 27 sentyabrda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində oktyabrın 20-də Zəngilan şəhəri düşməndən azad edildi. Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında torpaq rabitəsinin təmin edilməsi məsələsi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci ildə imzaladıqları birgə Bəyanatda əksini tapmışdır. Ötən il fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngəzur dəhlizinin açılması istiqamətində reallaşması nəzərdə tutulan layihələrdən birinin - Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin təməlini qoyaraq Azərbaycanın 10 noyabr Bəyanatının müddəalarına sadiqliyini bir daha göstərdi. Qeyd edək ki, Ermənistan tərəfi öncə müxtəlif bəhanələrlə üzərinə düşən öhdəliyin icrasını gecikdirmək istəyirdi, ancaq təzyiqlərdən sonra dəhlizin Ermənistan ərazisindən keçən hissəsində dəmir yolu xəttinin çəkilişlərinə start verilmişdir. Göründüyü kimi, ölkəmiz bölgədə qalıcı sülh və sabitliyin bərqərar olmasına, beynəlxalq hüququn ali prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət əsasında yeni əməkdaşlıq formatları çərçivəsində münasibətlərin normallaşdırılmasına tərəfdardır. Bu baxımdan Zəngəzur dəhlizi uğurlu regional əməkdaşlıq nümunəsi olmaqla yanaşı, bölgədə sülhün və sabitliyin möhkəmlənməsinə də öz töhfəsini verəcəkdir. Bu dəhlizin Avropa və Asiya ölkələri arasında qitələrarası yeni alternativ nəqliyyat şəbəkəsinin formalaşmasında əhəmiyyəti olduqca yüksəkdir.

Zəngəzur dəhlizi otuz ilə yaxın çətin blokada şəraitində yaşamasına rəğmən öz inkişaf yolunu uğurla qət etmiş Naxçıvan Muxtar Respublikasının da Azərbaycanın əsas ərazisinə çıxışını təmin edəcəkdir. Dəhliz, eyni zamanda, Naxçıvan Muxtar Respublikası vasitəsilə qardaş ölkə Türkiyə Cümhuriyyəti ilə əlaqələri də möhkəmləndirəcək və bu əlaqələrin daha da inkişaf etməsinə xidmət edəcəkdir. Beləliklə, qardaş ölkələr uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə qovuşacaqlar. Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla dünyada ciddi böyük potensiala və gücə malik Türkiyə arasında olan bu birlik Cənubi Qafqazda sülhə, sabitliyə və əməkdaşlığın bərpa olunmasında müsbət dəyişikliklərə töhfə verəcəkdir. Bu baxımdan Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ümumilikdə türk dünyasının coğrafi baxımından birləşməsi deməkdir. Azərbaycan Respublikasının Prezident İlham Əliyevin də vurğuladığı kimi: “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq”.