YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni dönəm: Azərbaycan bütün çağırışlara hazırdır

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Prezident İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə çox mühüm məsələlərdən bəhs etdi. Dövlət başçısı sosial-iqtisadi inkişaf, strateji diplomatiya siyasəti, regional təhlükəsizlik, postmüharibə dövrünün quruculuq prosesi, Böyük Qayıdış və digər məsələlər haqqında önəmli məqamlara toxundu, nəticələrdən, nailiyyətlərdən, hədəflərdən və perspektivlərdən söz açdı. Cənab İlham Əliyev vurğuladı ki, bu ilin üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib: “Biz bu üç ayın yekunlarını keçən il əldə edilmiş uğurların davamı kimi qiymətləndirməliyik”. Bir daha bəlli olur ki, Azərbaycan uğurlu inkişafını davam etdirir, ölkəmizin iqtisadi qüdrəti, siyasi nüfuzu artır, beynəlxalq mövqeyi güclənir, tarixi Zəfərimiz diplomatik müstəvidə möhkəmləndirilir.

Əslində, müşavirədə diqqət yetirilən məsələlər, səsləndirilən fikirlər bu ilin birinci rübünün deyil, bütövlükdə, son bir ilin iqtisadi və siyasi mənzərəsini əks etdirdi. Prezident İlham Əliyev qeyd etdi ki, keçən il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur: “Müharibədən sonra birinci il olmuşdur. Əlbəttə ki, müharibədən sonrakı dövr üçün keçən ilin çox böyük əhəmiyyəti olmuşdur. Bizim əsas məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır”.

Gerçəklik budur: müharibədən çıxmasına və dünyanı cənginə alan koronavirus pandemiyasına baxmayaraq, Azərbaycan tərəqqi dinamikasını qoruyub saxlaya bilib, yeni mərhələyə start verib. Konkret olaraq:

- İqtisadiyyatın dayanıqlılığı təmin edilib: ümumi daxili məhsulda, qeyri-neft iqtisadiyyatında və xarici ticarət dövriyyəsində artım qeydə alınıb. Bu, əhalinin rifahının yaxşılaşmasına xidmət edən sosial tədbirlərin əhatə dairəsinin genişlənməsinə də imkan verib. İqtisadi imkanların artması Azərbaycanın yeni uğurlar qazanmasına zəmin yaradır;

- Prezident İlham Əliyevin siyasi iradəsi əsasında bütün sahələri əhatə edən sistemli islahatların davam etdirilməsi Azərbaycanın gücünün daha da artmasını şərtləndirib. İslahatlar iqtisadiyyatın inkişafı, idarəetmədə səmərəliliyin artırılması, vətəndaş cəmiyyətinin və hüquqi dövlətin əsaslarının gücləndirilməsi baxımından böyük əhəmiyyətə malik olub;

- Ordu quruculuğu uğurla davam etdirilib: yeni silahların, texnikaların alınması təşkil edilib, Müdafiə Nazirliyində struktur islahatları aparılıb,  yeni qoşun növü – Komando növü yaradılıb, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırılıb və s. Güclü ordu təhlükəsizliyin qarantı olmaqla yanaşı, istənilən çağırışlara cavab verməyə və hədəfləri reallaşdırmağa imkan yaradır;

- Xarici siyasətdə ikitərəfli və çoxtərəfli əlaqələr, beynəlxalq təşkilatlarda fəaliyyət uğurla davam etdirilib, yeni təklif və təşəbbüslər irəli sürülüb. Bu, Azərbaycanın dostlarının, tərəfdaşlarının sayının artmasını, yeni diplomatik üstünlüklər qazanmasını təmin edir;

- Müharibənin bitməsi reallığı beynəlxalq aləmdə qəbul etdirilib, Azərbaycan haqlı, qalib və şərtləri diktə edən tərəf kimi sülh quruculuğu prosesində yüksək fəallıq nümayiş etdirir. Prezident İlham Əliyevin uğurlu diplomatiyası sayəsində sülh gündəliyi Bakının mövqeyi əsasında müəyyənləşir;

- İşğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq işləri davam etdirilir. Həmin torpaqlarda dayanıqlı və layiqli məskunlaşma üçün Böyük Qayıdış uğurla həyata keçiriləcək.

Azərbaycan Prezidenti bəhs olunan müşavirədə yeni dönəmin, daha dəqiq desək, inkişafın yeni mərhələsinin anonsunu verdi. Yeni şəraitdə ölkəmiz strateji hədəflərə çatmaq uğrunda inamla addımlayır. Öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın qarşısında parlaq perspektivlər açılıb. Xüsusilə də, dünyada yeni geosiyasi nizamın yarandığı şəraitdə İlham Əliyevin uğurlu diplomatiyası ölkəmizin regionda və beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirəcək. Yeni dönəmdə də Azərbaycan güclüdür, çağırışlara hazırdır, yeni nailiyyətlər əldə etmək, qüdrətini daha da artırmaq iqtidarındadır.