YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Böyük Qayıdışı yüksək səviyyədə təmin etmək əzmindədir

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri

Ölkə Prezidenti, Ali Baş Ko­mandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən işğal altında olan tarixi torpaqla­rımızın düşmən əsarətindən qısa zaman ərzində geri qaytarılması hazırda bu ərazilərdə bərpa prose­sinin başlanmasına zəmin yara­dıb. Əzəli yaşayış sahələrimizdə tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən can­landırmaq üçün bu ərazilərə mərhələli şəkildə, sektorlar üzrə investisiya qoyuluşlarının və digər sərmayələrin cəlb edilməsi qarşıya mühüm vəzifə kimi qoyulub.

Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə 12 aprel 2022-ci il tarixində keçirilən cari ilin yekunlarına dair müşavirədə gördüyümüz və gələcəkdə görəcəyimiz işlər geniş müzakirə edilmişdir. 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclas iqtisadi yeniliklərlə yanaşı siyasi ismarıclarla da zəngin idi. İstər yeni icra olunacaq layihələr, istər icrası davam edən, istərsə də bitmiş layihələr bir daha dövlətimizin qüdrətinin təzahürüdür. 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş toplantı eyni zamanda keçən 2020-ci ildə  işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı bir hesabatdır. Ölkə başçısı dəfələrlə qeyd edib ki, Qarabağda sülhün və əməkdaşlığın qarantı Azərbaycan ordusudur.

Vətən müharibəsində əldə edilən tarixi qələbəmizin yaratdığı reallığın nəticəsi olan “Zəfər yolu” hazırda düşməndən təmizlənən ərazilərdəki ən mühüm layihələrdən biri kimi Füzuli rayonundan Şuşa şəhərinə kimi uzanır. Bundan başqa, Əhmədbəyli–Füzuli–Şuşa, Füzuli–Ağdam, Bərdə–Ağdam, Toğanalı–Kəlbəcər–İstisu, Xudafərin–Qubadlı–Laçın, Şükürbəyli–Cəbrayıl–Hadrut, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolları, Füzuli–Cəbrayıl–Zəngilan–Ağbənd, Horadiz–Zəngilan–Ağbənd dəmiryolları çəkilir, elektrik enerjisi, su təchizatı sistemləri yenidən qurulur. İş­ğaldan azad edilmiş Zəngilan rayonunda ilk “ağıllı kənd”, “Dost Aqropark” layihələri icra edilir. Ağ­dam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilanda yaşayış məntəqələrinin salınması ilə bağlı planlar hazırlanır. Qarabağ və Şərqi Zəngəzurda icra edilən bərpa layihələri sırasında Laçına çəkilən yeni yol da xüsusi əhəmiyyətə malikdir. Qarabağ və Şərqi Zəngəzurda aeroportların tikilməsi, avtomobil və dəmir yollarının inşa edilməsi ilə Azərbaycan müasir infrastruktura malik nəqliyyat qovşağına çevrilir. Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmiryolunda bu gün sürətli tikinti işləri aparılır.

Hazırda Azərbaycan dövləti üçün prioritet məsələ işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın qısa müddətdə yüksək səviyyədə təmin edilməsidir. Güclü dövlət olan Azərbaycan Böyük Qayıdışı yüksək səviyyədə təmin etmək əzmindədir. Hazırda işğaldan azad olunan ərazilərdə görülən işlər bu gücü bir daha göstərir.

Torpağın əsl sahibləri onu dirçəldənlərdir. Ermənistan 30 ildə apardığı dağıdıcılıq fəaliyyəti ilə heç nəyə nail ola bilmədi.  Tarixin bütün dönəmlərində keçmiş də, bu gün də, gələcək də qurucuların olub. Müzəffər ordumuz düşmənin layiqli cavabını verdi, torpaqlarımızı azad etdi.  Bu yurdların əzəli-əbədi sahibi olan Azərbaycan bu gün də öz tarixi missiyasına sadiqdir. İndi də qurub yaradır və Qarabağın, Şərqi Zəngəzurun, ümumən, Cənubi Qafqazın tarixində yeni səhifə açır.