YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə aprelin 6-da Brüsseldə keçirilən görüşündə əldə olunan nəticələr dövlətimizin başçısının dünyada olan böyük nüfuzunun göstəricisi və davamlı sülhün əldə olunması, Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti uğurudur.

Dövlətimizin başçısının uğurlu siyasətinin nəticəsidir ki, Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Ümumiyyətlə götürsək, qəbul olunan sənədin özəyini Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması təşkil edir.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanatda Azərbaycan dövlətinin münaqişənin başa çatması, sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazır olduğunu ifadə edən mövqeyi öz əksini tapır. Artıq Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyinin müəyyənləşdirilməsində də məhz yaranmış yeni reallığa əsaslanır.

Görüşün nəticəsində tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhəddə gərginliyin aradan qaldırılması üçün delimitasiya prosesinə başlanması barədə razılıq əldə olunub. Bundan başqa, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsi də nəzərdə tutulur. Həmçinin nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması kimi infrastruktur layihələr müstəvisində əməkdaşlıq qərara alınmışdır ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanatda Avropa İttifaqının tərəfləri kommunikasiyaları açmağa çağırmaqla kifayətlənmədiyi, dəmir yol xətlərinin bərpa edilməsi üzrə addımları alqışladığı qeyd olunub, avtomobil əlaqəsinin bərpa edilməsinə çağırış edilib.

Qeyd etmək lazımdır ki, sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ATƏT-in Minsk qrupu anlayışı yoxdur. Bu fakt onu göstərir ki, 44 günlük Vətən müharibəsindən sonra münaqişə həll olunduğuna görə ATƏT-in Minsk qrupu lazımsız təsisata çevrilib. Prezident İlham Əliyevin apardığı danışıqlar nəticəsində və Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan postmüharibə dövründə yeni mexanizm və format yaranıb. Brüssel platforması yaxın gələcəyin reallığıdır.

Bəyanatda, həmçinin 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli razılaşmanın müddəalarına tam riayət etmə zərurəti təsdiqlənir.

Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, ünvanlanan məktublar dövlət başçımızın dünyada böyük nüfuzunun və Avropa İttifaqının Prezident İlham Əliyevin regional liderliyini qəbul etməsinin göstəricisidir.

DİGƏR Xəbərlər Arxiv