YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın bütün ümidlərini doğruldan Prezident

David İbramxəlilov

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri

Respublikamızda 2018-ci il 11 aprel tarixində keçirilən  prezident seçkilərində xalq İlham Əliyevə 86,02 faiz səs verərək yenidən Azərbaycan Respublikasının Prezidenti seçdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev andiçmə mərasimində demişdi: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”. Azərbaycanın bugünkü inkişafı Prezident İlham Əliyevin fəaliyyəti ilə bilavasitə əlaqədardır. Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti daha da artıb, iqtisadiyyatımız bir neçə dəfə yüksəlib, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. Əlbəttə ki, bütün bu amillər xalqın seçiminə təsir edən ən vacib arqumentlər oldu.

Ötən dövr ərzində Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə edilməsi, ölkəmizin bölgədə və dünyada mövqelərinin güclənməsi və nüfuzunun durmadan artması, müstəqilliyimizin daha da möhkəmlənməsi, vətəndaş həmrəyliyinin yüksək səviyyədə formalaşması da Prezident İlham Əliyevin həyata keçirdiyi xarici və daxili siyasətin əsasında məhz milli maraqların qorunması prinsiplərinin durduğunu bir daha təsdiqləyir. Təsadüfi deyil ki, Azərbaycan xalqı 2003-cü ildən sonra ardıcıl olaraq üç dəfə məhz Heydər Əliyev siyasi kursuna öz dəstəyini verdi və yalnız İlham Əliyevi ölkə rəhbərliyində görmək istəyini birmənalı şəkildə ifadə etdi. O cümlədən 2018-ci ilin aprel ayının 11-də Prezident İlham Əliyevə xalq tərəfindən verilən dəstək bir daha ölkəmizdə hər kəsin dövlətin apardığı siyasi kursu dəstəklədiyinin ən bariz göstəricisi oldu. Prezident İlham Əliyevin rəhbərliyi altında 2003-cü ildən bəri uğurla həyata keçirilən düşünülmüş balanslı xarici siyasət sayəsində 2018-ci ilədək artıq bir çox yüksək nəticələr əldə olunmuşdu. O cümlədən Azərbaycanın BMT, Avropa Şurası, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşmasına nail olması üçün münbit şərait yaranmışdı. Ölkəmizin beynəlxalq nüfuzunun günbəgün artması əlbəttə ki, Azərbaycan vətəndaşının diqqətindən kənarda qala bilməzdi. Belə olan şəraitdə isə təbii ki, mövcud hakimiyyətə qarşı radikal müxalif mövqelərdən çıxış edən qüvvələr xalqın dəstəyini ala bilməzdilər və almadılar. Seçkilərdə iştirak edən vətəndaşların mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi, birmənalı olaraq xalqın bütün radikal qüvvələrə verdiyi “yox” cavabıdır. Azərbaycan xalqı 2018-ci ildə bir daha bəyan etdi ki, bu qüvvələrin Azərbaycanın siyasi səhnəsində yeri yoxdur.

Qeyd olunduğu kimi, 2003-2018-ci illər tariximizə iqtisadi yüksəlişin intensiv dövrü kimi daxil olmuşdur. Məlum olduğu kimi, bu gün ölkəmizin xarici əməkdaşlıq istiqamətləri arasında enerji sahəsi xüsusi yer tutur və bu sahədə də Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasət yürüdən Azərbaycan öz təbii sərvətlərinin əsl sahibi olaraq beynəlxalq əməkdaşlıq əlaqələrini milli maraqlar və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Eyni zamanda da Azərbaycan istər regional, istərsə də beynəlxalq səviyyədə ölkələrarası əməkdaşlıq və təhlükəsizlik məsələlərinə mühüm töhfələr verir. Demək lazımdır ki, 2003-2018-ci illərdə iqtisadiyyatın neft-qaz sektoruna xüsusi diqqət göstərilirdi. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və ölkə böyük gəlirlər əldə etməyə başladı. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirdi. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı oldu. Təbii ki, bütün bu hadisələr Azərbaycanın iqtisadi gücünün artmasını təmin etdi və ölkəmizin beynəlxalq arenalarda mövqeylərini daha da möhkəmləndirdi.

Azərbaycanda idmanın inkişafına göstərilən qayğı və diqqət nəticəsində paytaxt Bakıda, eləcə də ölkənin ayrı-ayrı regionlarında olimpiya kompleksləri və çoxsaylı idman qurğuları tikilib istifadəyə verilmişdir. Azərbaycan Respublikasında idmanın inkişafı ildən-ilə geniş vüsət alır.

Hazırda Azərbaycanda 50-ə yaxın Olimpiya Kompleksi fəaliyyət göstərir. Bundan əlavə 68 min tamaşaçı tutumuna malik olan Bakı Olimpiya Stadionu, Su İdman Sarayı, Bakı Avropa Oyunları Parkı, Respublika Olimpiya Mərkəzi, Paralimpiya İdman Kompleksi və bu kimi bir çox idman qurğuları tikilib idmançıların istifadəsinə verilib. Bütün bunların nəticəsidir ki, idmançılarımız 15 il ərzində Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr qazanmışlar. Azərbaycan həmin illərdə 7 Olimpiya Oyunlarında iştirak etmişdir. Avropa oyunlarında Azərbaycan ikinci yerə, İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yerə çıxmışdır. Rio de Janeyro Olimpiya Oyunlarında isə Azərbaycan medalların sayına görə 14-cü yerdə oldu.
Prezident ilham Əliyevin rəhbərlik etdiyi müddətdə sosial siyasət daim diqqət mərkəzində olub. İşçilərin əməkhaqqları, pensiyalar dəfələrlə artırılıb. Sosial infrastruktur inkişaf edib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib istifadəyə verilib və əsaslı təmir edilib.

Birmənalı olaraq vurğulanmalıdır ki, Prezident İlham Əliyevin siyasətində həyata keçirilən əsas prioritetlər Vətənin müdafiəsi və xalqın rifahıdır. Bu baxımdan möhtərəm dövlət başçımızn həyata keçirdiyi müstəqil xarici siyasətin ən əhəmiyyətli nəticələrindən biri kimi məhz Vətən müharibəsində əldə olunmuş möhtəşəm tarixi Qələbəmizi göstərmək lazımdır. Müharibənin 44 günü ərzində Ali Baş Komandanın rəhbərliyi ilə dövlətimiz beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutaraq öz ərazilərini azad etmək hüququndan istifadə etdi və genişmiqyaslı əks-hücum əməliyyatlarını böyük uğurla həyata keçirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü düşünülmüş praqmatik xarici siyasət sayəsində bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan xalqı 2018-cü ildə yenidən düzgün seçimini etmiş, ən mühüm tarixi qərarını vermişdir.

Xalq öz Prezidentinə inanır və böyük inamla prezidentin ətrafında daha sıx birləşir.

DİGƏR Xəbərlər Arxiv