YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev müasir Azərbaycanı dünyada söz sahibinə, etibarlı tərəfdaşa və modern dövlətə çevirib

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Fevralın 25-də BMT Baş Assambleyasının sədrinin təşkil etdiyi “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda yüksək səviyyəli tematik müzakirələr xüsusi əhəmiyyət kəsb edən ali toplantı kimi dəyərləndirilməlidir. Məlum olduğu kimi, bu tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyev həm milli kontekstdən, həm də Qoşulmama Hərəkatının sədri kimi Hərəkata üzv dövlətlər adından videoformatda çıxış edib. 

Diplomatik müstəvidə aparılan uğurlu siyasət nəticəsində Azərbaycan bir çox dövlətləri özündə birləşdirən Qoşulmama Hərəkatının (QH) 2019-2022-ci illərdə də sədridir. Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür.

Pandemiyanın başladığı dövrdən Qoşulmama Hərəkatı multilateralizm, əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər edərək, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürmüşdür. 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülmüşdür.

Azərbaycan pandemiya, “peyvənd millətçiliyi” və peyvəndlərdən istifadə ilə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış edib. BMT Baş Assambleyasının Xüsusi Sessiyası, peyvəndlərdən bərabər və universal istifadənin təmin edilməsinə dair qətnamələr bunun bariz nümunəsidir.

Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir. Bununla yanaşı, 5 ölkəyə peyvənd ianəsi edilib və bu iş davam etdiriləcək. Hazırda Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesi davam edir.

COVID-19 pandemiyası kimi qlobal fövqəladə vəziyyət qlobal yanaşma tələb edir. Lakin az və orta gəlirli ölkələrdə peyvəndlərin tədarükünün aşağı səviyyədə olması bu baxımdan hələ də çox işlərin görülməli olduğunu göstərir. COVID-19 peyvəndlərinin bölgüsü baxımından inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qeyri-bərabərlik beynəlxalq ictimaiyyətin qısa zamanda pandemiyanın tamamilə aradan qaldırılmasına nail olmasının qarşısını alır.

Səhiyyə sisteminin davamlı fəaliyyətinin təmin edilməsi və pandemiya ilə mübarizədə səmərəli addımların atılması üçün əsas səhiyyə xidmətlərinin bütün müvafiq aspektlərinin gücləndirilməsi vacibdir.

Qoşulmama Hərəkatı pandemiyanın tezliklə aradan qaldırılması və effektiv bərpa prosesinə imkan yaradacaq beynəlxalq həmrəyliyin gücləndirilməsi üçün fəal şəkildə səylərini davam etdirməyə hazırdır. Bu mənada Qoşulmama Hərəkatı post-COVID-19 dövrünün bərpa ehtiyacları ilə bağlı nəticəyönümlü təşəbbüslərlə çıxış edəcək. Qoşulmama Hərəkatı 120 ölkəni birləşdirməklə BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Yalnız bu faktın özü Hərəkatın müasir beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən necə mühüm çoxtərəfli platforma olmasını göstərir. Dünya dövlətlərinin üçdə ikisini əhatə edən bir təsisatın mühüm toplantılarında müzakirə edilən məsələlər şübhəsiz ki, BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına da böyük təsir göstərir. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik müddətində təşkilatın prinsiplərinə sadiq qalaraq, qurumun beynəlxalq münasibətlər sistemində rolunun daha da artması, o cümlədən Azərbaycanla üzv ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi, milli maraqlarının təmin olunması istiqamətində ciddi addımlar atır. Təbii ki, ölkəmizin BMT-dən sonra dünyanın ən böyük ikinci beynəlxalq təşkilatına sədrliyi ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin möhkəmlənməsinə xidmət edir. Bu gün ölkəmiz Qoşulmama Hərəkatı da daxil olmaqla, bir çox beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Bütün bunlara əsasən deyə bilərik ki, əgər üçüncü minilliyin başlanğıcında ulu öndər Heydər Əliyev ölkəmizi müstəqilliyini itirmək təhlükəsindən qurtararaq yeni inkişaf mərhələsinə çıxardısa, Prezident İlham Əliyev müasir Azərbaycanı dünyada söz sahibinə, etibarlı tərəfdaşa və modern dövlətə çevirib.