YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı soyqırımı Ermənistanın işğalçılıq siyasətinin və erməni vəhşiliyinin nəticəsi idi

Kamilə Əliyeva

Milli Məclisin deputatı

Ermənilər XX əsrin sonlarında bəşəriyyətə, insanlığa qarşı dəhşətli bir cinayət törətdilər. 1992 ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərində soyqırım aktı törətdilər. Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. Ermənistan silahlı qüvvələri Xankəndi şəhərində yerləşən keçmiş Sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı şəhərini mühasirəyə alaraq hücuma keçdilər. Dinc, əliyalın əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdular. Canlarını qurtarmaq üçün qaçan əhali pusquya salınaraq qətlə yetirildi və əsir götürüldü. Əhalinin qalan hissəsi qışın ən sərt vaxtında dağlarda donaraq həlak oldular. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və yaşlı insanlar da olmaqla 613 nəfər amansızlıqla qətlə yetirildi, 1275 sakin girov götürüldü. Həmin dəhşətli gecədə 487 Xocalı sakini şikəst edildi ki, onlardan 76 nəfəri uşaqlar idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. 56 insan xüsusi qəddarlıqla diri-diri yandırıldı, başları kəsildi, hamilə qadınların qarnına süngü vurularaq öldürüldü.

Xocalı tarixi abidələrlə zəngin azərbaycanlılara məxsus şəhər idi. Xocalı müasir sosial-məişət obyektlərlə yanaşı XIV-XV əsrə aid çox sayda tarixi abidələrlə də zəngin bir şəhər idi. Erməni barbarları şəhəri yerlə-yeksan etdilər, bu yurdun azərbaycanlılara məxsus olduğunu sübut edən bütün izləri dağıtdılar.

Ulu öndər Heydər Əliyev hər il Xocalı soyqırımı günü dünya ictimaiyyətinə və azərbaycanlılara müraciətində bu dəhşətli cinayət barədə öz qətiyyətli mövqeyini bildirmişdi. Ulu öndər Xocalı soyqırımının 10 illiyi ilə əlaqədar Azərbaycan xalqına müraciətində qeyd etmişdi: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994 cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı günü haqqında” qərar qəbul etdi.

Xocalı soyqırımı XX əsrdə dünyada baş vermiş Holokost, Oradur, Lidisa, Xatın, Sonqmi, Srebrenitsa kimi insanlığa qarşı törədilmiş dəhşətli faciələrlə bir sırada dayanır. Xocalı soyqırımı Ermənistanın işğalçılıq siyasətinin və erməni vəhşiliyinin nəticəsi idi. BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260A (lll) saylı qətnaməsində insanlığa qarşı törədilmiş hansı cinayətlərin “soyqırımı” anlayışına hüquq verən cinayətlər olması sadalanmışdır. Qətnamədə sadalanan cinayətlər bütünlüklə Xocalı hadisəsində yaşanmışdır.

Prezident cənab İlham Əliyevin apardığı düşünülmüş müdrik və davamlı xarici siyasəti nəticəsində bir sıra dövlətlər tərəfindən Xocalı soyqırımı tanınmış və siyasi qiymət verilmişdir. Bu vaxta qədər Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. ABŞ-ın 30-dan çox ştatlarının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində Xocalı soyqırımı tanınıb.

Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əvəz olunmaz xidmətləri var. Belə ki, Leyla xanımın təşəbbüsü ilə 2008-ci ildən Beynəlxalq aləmdə “Xocalıya ədalət” kampaniyasına start verilmişdir. Kampaniya bir çox ölkələrdə fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrində konfranslar keçirilir, sərgilər, müsabiqələr təşkil olunur. Xocalı hadisələri barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində Leyla Əliyevanın həyata keçirdiyi bu kampaniya sayəsində dünya əsl həqiqətləri başa düşməkdədir.

Xocalı faciəsi ermənilər tərəfindən qabaqcadan düşünülmüş və məqsədli şəkildə həyata keçirilmişdir. Ermənilərin əsas məqsədi azərbaycanlılarda qorxu hissi yaratmaq, mübarizə əzmini qırmaq və torpaqların itirilməsi ilə barışmağa məcbur etmək olmuşdur. Xocalı faciəsi və bu faciədə qətlə yetirilənlərin xatirəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Ulu öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevralın 26-sı saat 17:00-da Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram olaraq sükut dəqiqəsi elan edilmişdir. Hər il fevral ayının 26-sı minlərlə insanların iştirakı ilə “Ana harayı” abidəsi önündə anım tədbiri keçirilir. 2017-ci ilin fevralın 26-da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə keçirilmiş yürüşdə 40 mindən çox insan iştirak etmişdir. Prezident cənab İlham Əliyev bu il yanvarın 28-də Xocalı soyqırımının 30-cu ildönümü haqqında mühüm Sərəncam imzalamışdır. Sərəncamda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbirlər planı hazırlanması və həyata keçirilməsinin təmin edilməsi haqqında tapşırıqlar verilmişdir.

Xocalı soyqırımının təşkilatçısı və iştirakçılarından biri olan Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyan xarici analitik agentliyinə Xocalı soyqırımının ermənilər tərəfindən törədildiyini etiraf etmişdir. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı işğaldan azad etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında Xocalı qurbanlarının və bütün şəhidlərimizin qisası alındı.